23 Dekabr 2024

“Alimlər fermerlərin yanında” layihəsinin növbəti tədbiri

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Tərtər rayonunda keçirilib.

Media1.az 525.az-a istinadən xəbər verir ki, mərkəzin Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri ilə birgə Tərtər rayonu Bəyimsarov kəndindəki heyvandarlıq təsərrüfatında və İrəvanlı kəndindəki quşçuluq təsərrüfatında “Kənd təsərrüfatı heyvanlarının və quşlarının mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi praktiki seminar keçiriblər. Pandemiya şəraitinin tələblərinə əməl etməklə keçirilən tədbirdə heyvandarlıq üzrə fəaliyyət göstərən fermer və aqrar sahə mütəxəssisləri, həmçinin Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi iştirak ediblər.

Mütəxəssislər bölgə fermerlərinə dəstək məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanların, quşların mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri barədə geniş məlumatlar veriblər. Quşçuluq və heyvandarlıq təsərrüfatlarında infeksion, mövsümi parazitar xəstəliklərlə mübarizədə kimyəvi və bioloji preparatların istifadə qaydaları ilə bağlı, mövsümi xəstəliklərə qarşı baytarlıq-sanitariya tədbirləri haqqında tövsiyələr verib, fermerlərə bukletlər paylayıblar.

Tədbirdə müzakirələr aparılıb, heyvandarlıq təsərrüfatlarının sahiblərini, fermerləri maraqlandıran suallar Baytarlıq Elmi-Tədqiqat İnstitutunun alimləri, eləcə də Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən cavablandırılıb.