Aleksey Navalnının cinayət işinə baxan hakim istefa verib
Rusiya müxalifətinin lideri Aleksey Navalnının cinayət işinə baxan Moskva şəhər Simonovsk Rayon Məhkəməsinin sədri Vyaçeslav Detişin istefa verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Kristina Şvadçenko bildirib.
“Bəli, sədr istefa verib. Ancaq bu, Navalnının işi ilə bağlı deyil və hadisə fevralın 2-də baş verməyib”, – o, agentliyə deyib.
Navalnının məhkəməsinin hakimi iki saat müddətinə fasilə elan edib.
Qeyd edək ki, məhkəmə Aleksey Navalnının 30 gün müddətinə həbs olunması barədə qərar çıxarıb. O, həbsinin şərti cəza ilə əvəzlənməsi üçün Simonovsk Rayon Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, yanvarın 18-də Korrupsiya ilə Mübarizə Fondunun qurucusu, Rusiya müxalifətinin lideri Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
A.Navalnının həbsindən bir gün sonra onun yutub kanalında Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə iki saatlıq sənədli film yayımlanıb. Videoya qısa zamanda 100 milyona yaxın baxış olub və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin trend videolar sırasında yer alıb.
Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin Avropanın bir çox şəhərlərində kütləvi mitinqlər keçirilib. Hüquq-mühafizə orqanları mitinqin razılaşdırılmadığını əsas gətirərək nümayişçilərə qarşı sərt tədbirlər görüb, minlərlə insanı həbs edib.