14 Aprel 2025

Akademik Zərifə Əliyevanın adı həm də xeyirxahlıq, humanizm və nəcibliklə bağlıdır

15 aprel Azərbaycan elmi və ictimai fikri üçün əlamətdar bir gündür – bu gün görkəmli alim, oftalmologiya elminin parlaq siması, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. O, təkcə tibbi elmin inkişafına verdiyi töhfələrlə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə xalqımızın yaddaşında silinməz iz qoyub.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun ömür yolu müdriklik, zəhmətsevərlik və insanlara xidmət nümunəsi kimi hər zaman hörmət və ehtiramla yad edilir. O, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra oftalmologiya sahəsində ixtisaslaşaraq, göz xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə elmi tədqiqatlarla məşğul olmuşdur. Zərifə Əliyeva SSRİ-də ilk dəfə olaraq peşə ilə bağlı göz xəstəliklərinin öyrənilməsi və profilaktikası sahəsində tədqiqatlar aparan alimlərdən biri olmuşdur. Bu sahədəki elmi fəaliyyətinə görə o, akademik elmi adını almış və beynəlxalq miqyasda da tanınmışdır.

Akademik Zərifə Əliyevanın adı həm də xeyirxahlıq, humanizm və nəcibliklə bağlıdır. O, elmi və ictimai fəaliyyətini insanlara kömək etməyə, onların sağlamlığının qorunmasına həsr etmişdi.

Zərifə Əliyeva 1985-ci il aprelin 15-də dünyasını dəyişsə də, onun əziz xatirəsi, elmi irsi və insani dəyərləri bu gün də yaşayır. Hər il 15 aprel tarixində onun xatirəsi dərin ehtiramla anılır, elmi əsərləri yenidən nəzərdən keçirilir, gənc nəsil alimlər üçün nümunəyə çevrilir.
Zərifə Əliyevanın parlaq həyatı, xalqına və elminə sadiqliyi, nəcib əməlləri daim qürurla xatırlanacaq.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı