24 İyun 2024

Ailə Məcəlləsinə dəyişiklik təklifinə professordan REAKSİYA:İnsanlara başa salmaq lazımdır ki…

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir. Qeyd edilir ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.

Ailə Məcəlləsinə təklif edilən yeni dəyişikliklə bağlı Medianews.az-a danışan tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla bildirib ki, bu kimi məsələlər ilk növbədə maariflənmə yolu ilə həllini tapmalıdır. Həkimin sözlərinə görə, insanlara başa salmaq lazımdır ki, bu cür nikahlar təhlükəlidir: “Bu kimi məsələlər ilk öncə təbliğat və maariflənmə yolu ilə həllini tapmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda nikahın bağlanmasına qohum, tayfa münasibətləri uzun müddət mövcud olub və bu, müxtəlif ənənələrə söykənib. Hətta bununla əlaqədar müəyyən misallar da qalıb: əmioğlu və əmiqızının nikahı göydə kəsilib. Bu məsəlin özü Azərbaycanda qohum evliliyinin, nikahının nə qədər qanuniləşdiyini, insanlar tərəfindən qəbul edilməsini göstərir. Bu kimi məsələlərin həllində maariflənməyə üstünlük vermək lazımdır. İnsanlara başa salmaq lazımdır ki, bu cür nikahlar təhlükəlidir”.

Qohum nikahlarının fəsadlarından söhbət açan A.Qeybulla qanunvericiliyə bu istiqamətdə dəyişiklik təşəbbüslərini müsbət qiymətləndirib. Deyib ki, cəmiyyət bu dəyişikliyi dəstəkləməlidir: “Yeni dölün, əsası yeni qoyulmuş orqanizmin tam sağlam genləri götürmək imkanı olmalıdır. Qohumlar arasında bəzi xəstəliklərin olması mümkündür. Buna nümunə kimi talassemiyanı, digər genetik xəstəlikləri qeyd edə bilərik. Belə olan halda yeni döl və ya orqanizm xəstə genlərin daşıyıcısı olur. Ona görə də bu cür xəstəliklərdən xilas olmaq üçün ilk növbədə yaxın qohum nikahlarından uzaq durmaq lazımdır. Düzdür, son dövrlər belə nikahlara yol verməmək istiqamətində təbliğat aparılır və bəzi müsbət nəticələr var. Amma düşünürəm ki, bunun qanuniləşdirilməsi ümumi prosesə daha böyük dəstək olacaq. Bəlkə də bu dəyişiklik və təşəbbüs xeyli gecikib. Genefondumuzun sağlamlaşdırılması istiqamətində hərtərəfli çalışmalıyıq. Bu istiqamətdə atılacaq ən mühüm addımlardan birincisi məhz qohum eviliklərinin, nikahlarının qarşısının alınmasıdır. Cəmiyyət buna hərtərəfli dəstək verməlidir”.