Ağstafada YAP-ın təsis edilməsinin 33 illiyinə həsr olunmuş tədbir keçirilib
20 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib.
Azərbaycanın Dövlət Himni səsləndirilib, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin və müstəqilliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözu ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası bütün istəkləri, arzuları birləşdirir. Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir.
Daha sonra çıxış edən natiqlər – “Köçəsgər kənd” Ərazi Partiya Təşkilatının sədr müavini Saqif Babayev, partiya veteranı Məmməd Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Dağ Kəsəmən kənd 2 №-li tam orta ümumtəhsil məktəbin direktoru Vüsal Həsənov və partiya fəalı Şəfəq Heydərli bildiriblər ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın tarixində çox böyük bir hadisədir. Yeni Azərbaycan Partiyası partiya quruculuğunun mütərəqqi prinsiplərini hər zaman əsas tutub. Partiyanın idealı yeni, müstəqil Azərbaycan yaratmaq olub. Qeyd olunub ki, partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəliləyir.
Daha sonra YAP Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

















