08 Sentyabr 2024

Ağstafada şəhid Tahir Əliyevin adına ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub FOTOLAR

11 fevral 2023-cü il tarixdə Ağstafa rayonu Xətai kəndində şəhid Əliyev Tahir Çingiz oğlunun doğum günü münasibətilə adına ucaldılmış bulaq-abidə kompleksinin açılışı ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov və müəssisənin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı ilk olaraq Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.Tədbir çərçivəsində digər şəhidlərimizin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla yad edilib. Daha sonra Xətai kəndində şəhidimizin xatirəsinə inşa olunan bulaq-abidə kompleksinin açılışı olub. Kompleksin önünə gül-çiçək dəstələri düzülərək şəhidimizin əziz xatirəsi dərin hüznlə yad edilib. Tədbirdə natiqlər şəhidlərimizin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri misilsiz qəhrəmanlıqlarından bəhs ediblər. Şagirdlərin ifasında Vətənə və şəhidlərə aid şeirlər səsləndirilib. Tədbir iştirakçıları həmçinin Tahir Əliyevin ailə üzvlərini də ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər.

Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat yolundan geniş bəhs edilib. Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Tahir Əliyev 05 avqust 2022-ci il tarixdə Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçası düşməsi nəticəsində həlak olmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlham