22 Dekabr 2024

Ağstafada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib

04 noyabr 2024-cü il tarixdə Düzqışlaq kənd Mədəniyyət klubunda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

Tədbirdə Düzqışlaq kənd Mədəniyyət klubunun müdiri Samir qurbanov, partiya fəalları Əli Orucov, Gülöysər Namazova və “Düzqışlaq kənd” Ərazi Partiya Təşkilatının sədri Həsən Tağıyev çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən dörd il ötür. Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi, bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının sayəsində əldə etdi, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə etdi, bunu hər daim Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə etdi. Və bu həmrəyliyini hamıya nümayiş etdirdi. Bundan sonra bütün dünya bilsin və eşitsin ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!