Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib
25 iyun 2024-cü il tarixdə Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndində YAP Ağstafa rayon təşkilatının “Köhnəqışlaq kənd”, “Tatlı kənd” və “Göycəli kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ordumuzun gücündən, aparılan döyüşlərdən və qazanılan uğurlardan bəhs edən kitab sərgisinə baxılıb.
Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, ölkələrin taleyi onun ordusundan asılıdır. Çünki ordu dövlətin özəyi, dayağı, bütövlüyünün və müstəqilliyinin əsas təminatçısı, təhlükəsizliyinin etibarlı keşikçisidir. Güclü ordu olmadan uğurlu iqtisadiyyat da olmaz. Məhz güclü və nizamlı silahlı qüvvələrinin olduğu şəraitdə dövlət milli iqtisadi inkişafa və ümummilli rifaha nail ola bilər. Azərbaycan Ordusunun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Daha sonra çıxış edən natiqlər – Yaradullu kənd ümumi orta məktəbin müəllimi Şəfəq Cəlilova, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Hüseynov, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Əfqan Qasımov və Köhnəqışlaq kənd tam orta məktəbin direktoru Mahirə Əsgərova bildiriblər ki, tarixi Zəfərimiz Azərbaycan dövlətinin ordu quruculuğu istiqamətində atdığı addımların, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin təqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan Bayrağımız milli kimliyimiz, qürurumuzdur. Çox xoşbəxtik ki, Azərbaycanımızın Zəfərində bizim də payımız var. Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşur, bu ərazilərə yeni nəfəs verilir. Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.