07 Fevral 2025

Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

21 iyun 2024-cü il tarixdə YAP Ağstafa rayon təşkilatının “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatında 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları və “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının sədri Bəhruz Süleymanov qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi. Qeyri qanuni silahlı dəstələr ləğv edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev,  “Rafiq Alıcanov 7” Ərazi Partiya Təşkilatının sədr müavini Samir Məhərrəmov, fəal partiya üzvləri Ramin Kazımov və Qənbər Rüstəmov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıblar.