Ağdaş Regional Mədəniyyət İdarəsində “Anım Günü” silsilə tədbirlərlə qeyd edilib.

27 sentyabr Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızın Anım günüdür.
Bu şərəfli və hər bir azərbaycanlının yaddaşına əbədi yazılan tarix Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncamına əsasən qeyd edilir.
“Anım Günü” Ağdaş Regional Mədəniyyət İdarəsində və Regional İdarəyə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilib. Tədbirlər çərçivəsində Şəhid məzarları, Şəhid və Qazi ailələri ziyarət edilib, videokonfranslar, dəyirmi masalar, ədəbi-bədii gecələr təşkil olunub, mövzu ilə əlaqədar videoçarxlar hazırlanaraq internet auditoriyasına təqdim edilib.
27 sentyabr 2021-ci il tarixində Ağdaş şəhərinin mərkəzində Şəhidlərin xatirə kompleksi önündə Ağdaş rayon Təhsil şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclərin iştirakı ilə Anım Gününə həsr olunan yürüş-flashmob keçirilib.Eyni zamanda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları Şəhidlərin ruhunun yad edilməsi məqsədilə Ağdaş rayonunda təşkil edilmiş 1 dəqiqəlik sükutda iştirak ediblər.
Daha sonra Ağdaş rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib. Şəhidlər Xiyabanında çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik və bərabərlik nümayiş etdirib. Uzun illər düşmən nəzarətində olan ərazilərimiz işğaldan azad olunub. Tarixi Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı kimi mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar arasında mədəniyyət işçiləri də var.

