08 Sentyabr 2024

Ağcabədili fermerlərlə ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının vacibliyindən danışılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji İnformasiya İctimai birliyi oktyabrın 4-də özünün növbəti seminar tədbirini Ağcabədi şəhərində keçirib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağcabədi rayon Dövlət Aqrar İnlişaf Mərkəzinin direktoru Abbas Süleymanov tədbir iştirakçıları və qonaqları ev sahibi olaraq salamlayıb. Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən icra olunan “ “Ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalının fermerlər arasında təbliği” layihəsinin qarşıya qoyulan qayəsini müsbət qiymətləndirib. Fermerlərə “ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında fəaliyyətlərini artırmağı, bu sahədə məhsuldarlığın genişləndirilməsini tövsiyyə edib.

Layihə rəhbəri Musa Muradlı bildirib ki, “ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı “ anlayışı bu gün olduqca aktualdır. İnsanların sağlamlığı naminə keyfiyyətli ərzaq məhsullarının istehsalına böyük ehtiyyac var. Bir çox hallarda daha çox gəlir əldə etmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalında keyfiyyət amilinə deyil , kəmiyyətə üstünlük verilir. Bununla da istehlakçıların həm hüquqları, həm də sağlamlıqları pozulmuş olur. Bunun üçün də fermerlərimiz çalışmalıdır ki, istehlakçılara daha keyfiyyətli, ekoloji cəhətdən təmiz məhsul istehsal etmiş olsunlar.

 Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı barədə məruzəçi aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq, layihə üzrə ekspert Xosrov Musayev bildirib ki, kənd təsərrüfatında ənənəvi olaraq kimyəvi tərkibli üzvi minerallardan istifadə uzun illərdən bəri üstünlük təşkil edir. Bunun da bir çox hallarda mənfi fəsadları özünü biruzə verir. Bir sıra xəstəliklər artan temp üzrə inkişaf edir. İnsanlar daha çox xəstəxanalara müraciət etmiş olurlar. İnsanların orta yaş ömrü getdikcə aşağı düşür. Bu kimi hallar müşahidə olunduqca “ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinin artırılması qənaəti daha məntiqli görünür. Ekspert Xosrov Musayev qeyd edib ki, indi dünyanın 100-dən artıq ölkəsi ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına daha çox önəm verir. Bir sıra ölkələr məhsul ixracı sayəsində daha çox valyuta əldə edə bilirlər.

“Örnək olaraq bu kimi nailiyyətlərin əldə edilməsi üçün azərbaycanlı fermerlər də “ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalı”ilə məşğul olub, sağlamlığa yararlı məhsul yetişdirməklə parlaq nailiyyətlər əldə edə bilərlər”, deyə- Xosrov Musayev vurğulayıb.   

Ekspert Xosrov Musayevin maraqlı çıxışının ardından çay süfrəsi arxasında iştirakçılarla müzakrələr aparılıb.

Yekun olaraq layihə rəhbəri Musa Muradlı layihənin dəstəklənməsi üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə , o cümlədən təşkilati dəstəyə görə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşlarına təşəkkür edib.

Sonda seminar iştirakçılarına layihə tədbirində fəal olduqlarına görə sertifikatlar təqdim olunub, şəkillər şəkilib.