02 Mart 2025

Ağ evdəki Tramp-Zelenski qarşıdurması: rəsmi qonağın Ağ Evdə mətbuat ilə görüş zamanı alçaldılması siyasət tarixi üçün qara ləkədir

Son günlər dünyanın diqqəti Yaxın Şərq böhranından yenidən Ukrayna Rusiya cəbhəsinə yönəlir. Bütün təlatümlərə baxmayaraq, prosesi elmi əsaslarla təhlil edən nüfuzlu fikir, bilim adamları bu savaşın qalibinin gec ya tez, sonunda Ukraynanın olacağını əminliklə bildirirlər.

Ancaq Amerikanın sərgilədiyi mövqe , xüsusilə Ukrana Prezidentinin Ağ evdə Trampla görüşdə baş verən qalmaqal birmənalı qarşılanmır. Politoloq Rasim Zeynalov Media1.az– a təəssüf hissi ilə bildirib ki, bəzən dərin dövlətçilik qaydalarının belə zorlandığı son anormal siyasi proseslər ictimai auditoriyada çaşqınlıqlar doğurur. Dövlətin və dövlətçiliyin sarsılmaz təməllərindən biri də üslubdur. Siyasətin necə qaranlıq bir məfhum olduğunu hər kəs bilir. Amma siyasətin məzmunu qədər onu icra etməyin tərzi də önəmlidir. ABŞ prezidenti və vitse-prezidentinin ölkənin rəsmi qonağını Ağ Evdə mətbuat önündə alçaltmağı siyasət tarixi üçün qara ləkədir. Düşmən ölkə belə olsa, tam ziddiyətli maraqlar yaransa belə, qonaq dövlət başçısı müvafiq ənənələrə uyğun qəbul olunub, yola salınmalıdır. Dövlət başçılarının yanında ikinci şəxsin müzakirələrə müdaxilələr etməsi ən yumşaq desək tərbiyəsizlikdir. Trampın komandası təkcə beynəlxalq sistemin deyil, bütünlüklə dövlətçilik ənənəsinin düzənini sarsıdır. Demokratiyalar uğurlu sistemlər ortaya çıxarmaqla yanaşı, böyük filosof Əflatunun dediyi kimi, idarəçilikdən və ədəb-ərkandan bixəbər şəxslərin də hakimiyyət yolunu açır. Lakin, digər ehtimala görə bütün bunlar bir siyasi oyun olaraq aldadıcı siyasi manevr də ola bilər. Belə ki, bu gün müharibənin ən ağır zərbələrini udan Rusiya tükənmək üzrədir. Çürümüş imperiya zehniyyatı Putinin “xəstə qürür”unu saxlamağa çalışsa da, bir gün, həm də yaxında qəsb etdikləri bütün ərazilərdən çəkilməli olduqlarını həzm etməli olacaqlar.

Musa Muradlı- Media1.az