ADMİU-nun 100 illik yubileyi keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) universitetin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda 2022-2023-cü il üçün tədbirlər planı müzakirə olunub.
Media1.az 525.az-a istinadən xəbər verir ki, iclasda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, 2023-cü ildə Azərbaycanın ilk incəsənətyönümlü ali təhsil ocağı olan ADMİU-nun 100 illik yubileyi tamam olur. Bu münasibətlə universitet rəhbərliyinin təklifiylə “ADMİU-99+” və “ADMİU-100” adlı silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, 2022-ci ildən etibarən incəsənətin müxtəlif yönlərini əks etdirən tədbirlər keçiriləcək. Bu xüsusda universitetin tələbələrinin yaradıcılıq işlərindən ibarət Kino və Teatr festivallarının, məzunların Forumunun, müxtəlif ali təhsil müəssisələrində ADMİU-nun yubiley tədbirlərinin, silsilə elmi-praktik konfransların keçirilməsi, universitetin tarixini əks etdirən kitabın, həmçinin, “Universitetin tarixi fotolarda” adlı foto-albomun hazırlanıb nəşr edilməsi, dövri mətbuatda “ADMİU-100” rubrikası adı altında məqalələrin dərc olunması, ali təhsil ocağının şəfərli inkişaf yolunu əks etdirən sənədli filmin hazırlanması və sair kimi təkliflər müzakirəyə təqdim edilib.
İclasın davamında Təşkilat Komitəsinin üzvlərinin fikirləri dinlənilib, əlavə təkliflər dəyərləndirilib.