23 Dekabr 2024

ABŞ və Rusiyanın Cənubi Qafqaz savaşı: Ağ Ev Türkiyənin də dəstəyi ilə Paşinyanı xilas edir

Rusiyadan “devirin” təlimatı alan erməni generaliteti ABŞ-ın “şansınızı zorlamayın” mesajı qarşısında aciz qaldı; Türkiyənin ABŞ-la eyni mövqedən çıxış edərək, baş nazir Nikol Paşinyanı dəstəkləməsi erməni revanşistlər üçün ciddi təhlükənin xəbərçisidir…

Dünya nəhəngləri arasında amansız mübarizə davam edir. Üstəlik, bu mübarizə dünyanın bir çox önəmli geopolitik məkanlarına yayılmağa başlayıb. Və belə anlaşılır ki, zaman keçdikcə superdövlətlər dünyanın yenidən bölüşdürülməsi prosesini daha da intensivləşdirəcəklər.

Təbii ki, bu prosesin yeni istiqamətlər almasında Ağ Evin Bayden administrasiyasının nəzarətinə keçməsinin inkaredilməz rolu olmamış deyil. Çünki, ABŞ-ın yeni prezidenti Co Bayden hələ hakimiyyətə gəlməzdən bir neçə gün öncə ölkəsinin dünyanın siyasət məkanına geri dönəcəyinin mesajını vermişdi. O, Ağ Evin beynəlxalq siyasət məkanında ABŞ-ın itirdiyi bütün mövqeləri tədricən geri qaytaracağını bəyan etmişdi.

Prezident Co Baydenin bu açıqlamasında iki önəmli məqam diqqəti çəkirdi. Birincisi Ağ Evin yeni sahibi dolayısı ilə özündən əvvəlki prezident Donald Trampı ABŞ-ı beynəlxalq hegemon dövlət statusundan məhrum etməkdə suçlayırdı. Digər tərəfdən isə Co Bayden ABŞ-ın beynəlxalq mövqelərinin məhz Rusiyaya güzəştə gedildiyini qabartmışdı. Bununla da keçmiş prezident D.Trampı dostluq etdiyi Kreml sahibi Vladimir Putinə ABŞ-ın beynəlxalq maraqlarını qurban verməkdə qınamışdı.

Belə anlaşılırdı ki, prezident Co Baydenin ilk beynəlxalq hədəfi məhz Rusiya olacaq. Və bu ehtimal özünü böyük ölçüdə doğrultdu. Çünki Co Bayden Rusiyanın üzərinə total beynəlxalq təzyiq kampaniyası başlatdı.

dramp-1-224428.jpg (61 KB)

Maraqlıdır ki, ABŞ-Rusiya qarşıdurması artıq Cənubi Qafqaza da sıçramış kimi görünür. Ağ Evin bu regionda da önəmli geopolitik maraqları var. Co Bayden administrasiyası hesab edir ki, keçmiş prezident D.Trampın laqeydliyi ucbatından ABŞ-ın bu bölgədəki maraqları Rusiya tərəfindən ciddi zərbələrə məruz qoyulub.

Ona görə də, ABŞ-ın son bir ay ərzində Rusiyaya ardıcıl üç sarsıdıcı zərbə endirməsi qətiyyən təəccüb doğurmur. Belə ki, ıvvəlcə “Novalniy qalmaqalı” ilə Rusiya cəmiyyətində süni silkələnmə yaradıldı. Ardınca “Kreml anlamalıdır ki, əgər, Rusiya toqquşma istəyirsə, NATO buna hazırdır” deyən NATO-nun baş katibi Yens Stoltenberqin vasitəsilə Rusiyanı açıq şəkildə müharibə ilə hədələndi. NATO baş katibinin bu bəyanatı ilə Rusiyanın hərbi-siyasi nüfuzunun ciddi şəkildə sarsıdıldığı hətta Kremlə yaxın siyasi dairələr tərəfindən belə, etiraf olunur.

Çünki, Kreml bu hərbi təhdidə hər hansı təsirli manevr ilə cavab verə bilmədi. Əksinə, çaşqınlıq içərisində susmaq məcburiyyətində qaldı. Və hələ də, bu təhdidin beynəlxalq ağırlığını öz üzərindən ata bilməyib.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın vasitəsilə Rusiyanı ən həssas yerindən vurdular. Rusiya silahlarının reputasiyasını ciddi şəkildə korladılar. Bu isə o deməkdir ki, Rusiyanı enerji resurslarından sonrakı ən önəmli maliyyə qaynağından – hərbi ticarət gəlirlərindən də məhrum etmək istəyirlər.

Təbii ki, erməni baş naziri “İsgəndər partlamır” açıqlamasına təşviq edənlər Rusiyanın ona qarşı sərt cəza planları quracağını bilməmiş deyildilər. İndi Kreml Rusiyaya qarşı bu sarsıdıcı zərbəyə cavab olaraq, Ermənistanda hakimiyyət çevrilişinə qərar vermiş kimi görünür. Və bu dəfə Paşinyan hakimiyyətinə qarşı artıq sadəcə, revanşist siyasi qüvvələrlə yanaşı, Rusiyaya bağlılığı qətiyyən şübhə doğurmayan erməni generaliteti də hərəkətə gətirilib.

pppp-494c5ec0-fff7-36ce-97b3-1234a657e1bb_850.jpg (66 KB)

Ancaq Kremlin “sehirli çubuğu” ilə hərəkətə gətirilən erməni generalitetinin də Paşinyan hakimiyyətini devirə biləcəyi artıq o qədər də inandırıcı görünmür. Hər halda, ilk kəskin qarşıdurmadan sonra erməni generalitetinin müəmmalı şəkildə geri çəkilməkdə olduğu müşahidə olunur. Və qiyamçı erməni generalların yenidən öz kabinetlərinə qapanmaq məcburiyyətində qalmasının arxasında olduqca maraqlı məqamlar var.

Erməni generalitetinin baş nazir Nikol Paşinyana qarşı istefa tələbinə verilən üç önəmli beynəlxalq reaksiyaya diqqət etdikdə həmin məqamlar açıq şəkildə ortaya çıxır. İlk reaksiya Rusiyadan gəldi. Kreml indiyə qədər Ermənistana münasibətdə heç vaxt işləmədiyi “Baş verənlər Ermənistanın daxili işidir” cümləsini qurdu. Halbuki, hər kəsə məlumdur ki, Kremldə Ermənistanı ümumiyyətlə, Rusiyanın “daxili işi” hesab edirlər. Yəni, Ermənistanın Kremldən xəbərsiz və ya icazəsiz hər hansı “daxili işləri” ola bilməz.

Ona görə də, Kremlin “Ermənistanın daxili işi” mesajı əslində, Rusiyanın “Biz əleyhinə deyilik və dəstəkləyirik, devirin” təlimatı kimi anlaşıla bilər. Elə bu mesajdan sonrakı ilk saatlarda erməni generaliteti də öz tələbinin arxasında daha inamlı görünürdü və təhdid diliylə danışırdı.

Ancaq bir qədər sonra situasiya bir qədər dəyişdi. Belə ki, bu dəfə Ağ Evdən mesaj gəldi. ABŞ Dövlət Departamenti bəyan etdi ki, Ermənistanda generalitetin istefa tələbini qınayır və ordunun ölkədaxili siyasi proseslərə müdaxiləsini yolverilməz hesab edir.

Nəticədə erməni generaliteti çaşqınlıq içərisinə düşdü və “istefa tələbi”ni kənar təsirlər olmadan bəyan etdiyini qabartdı. Yəni, erməni generaliteti hərbi çevriliş cəhdinin arxasında Rusiyanın təlimatlarının olmadığına eyham vurdu. Və bu, Kremlin təlimatlarının qüvvədən düşməsi anlamına gəlirdi.

1543815834_ed72f0cf96cc519155f60e58cceefc17.jpg (141 KB)

Məsələ ondadır ki, erməni generaliteti ABŞ-dan gələn mesajın sərt xəbərdarlıq olduğunu anlamamış deyildi. Xüsusilə də, həmin mesajda yer alan “Biz bu olaylarda hərbi çevriliş cəhdinin olub-olmadığına hələ tam qərar verməmişik. Bu məsələ üzərində hələ düşünürük” xəbərdarlığı həlledici xarakter daşıyırdı.

Çünki Ağ Ev bununla erməni generallara “şansınızı çox da zorlamayın” eyhamını vurmuş oldu. Yəni, əgər, çevriliş cəhdinin ilk saatlarında döyüş təyyarələri İrəvan üzərində dövrə vururdusa, deməli, növbəti addım ordunun tanklarla şəhərə yeridilməsi ola bilərdi. Və Ağ Evdən gələn xəbərdarlıqdan sonra generalitet geri çəkilmək məcburiyyətində qaldı.

Təbii ki, hadisələrin belə sürətlə dəyişməsi “Soros”un siyasi məhsulu olan Paşinyan hakimiyyətini cəsarətləndirdi. Baş nazir Nikol Paşinyanı dəstəkləyən kütlənin küçələrə çıxaraq, revanşistlər üzərində üstünlük qura bilməsi isə situasiyanı ciddi şəkildə dəyişdi.

Nəhayət, İrəvanda baş nazir Nikol Paşinyanın taleyi həll edildiyi həmin anlarda Türkiyənin siyasi müdaxiləsi çevriliş cəhdini iflasa uğratmış oldu. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı çıxdı: “Biz çevrilişlərə qarşıyıq. Ordunun siyasətə qarışması yolverilməzdir. Əgər, hökuməti dəyişmək lazımdırsa, qoy, bunu erməni xalqı etsin. Bu işi erməni xalqının öhdəsinə buraxmaq lazımdır”.

Əlbəttə, bəziləri üçün rəsmi Ankaranın bu mövqeyi anlaşılmaz da görünə bilər. Ancaq Türkiyə artıq Cənubi Qafqazda önəmli siyasi iradə sahibidir. Eyni zamanda, Türkiyə istənilən halda, NATO-nu təmsil edir. Və rəsmi Ankaranın mövqeyi dolayısı ilə də olsa, NATO-nun mövqeyini ifadə edir.

erdogan-Ekran Alıntısı.JPG (35 KB)

Təbii ki, Türkiyədən gələn bu mesaj Ermənistanda da ciddiyə alınır. Birincisi, rəsmi Ankara Rusiya ilə eyni mövqeni bölüşmədiyini sezdirmiş oldu. Digər tərəfdən, Türkiyə NATO-nun ikinci ən güclü dövlətidir. Belə bir güclü geopolitik oyunçunun reaksiyası Ermənistanda nəzərə alınmaya bilməz.

Nəhayət, nə qədər ziddiyyətlər olsa da, Türkiyənin mövqeyinin ABŞ-la tam üst-üstə düşməsi də erməni revanşistlər üçün ciddi təhlükənin xəbərçisidir. Çünki, hərbi çevriliş cəhdinin baş tutacağı təqdirdə, regionda hansı beynəlxalq güclərin ortaq təzyiqləri ilə üzbəüz qalacaqlarını anlayırlar. Və Kremlin hərbi xuntanın hökmranlığı altında olacaq Ermənistanı bu təzyiqlərdən qorumaq imkanları o qədər də cəlbedici deyil.

Bütün bunları nəzərə almaq məcburiyyətində olan erməni generaliteti yenidən kabinetlərə çəkilib, siyasi proseslərin növbəti inkişaf istiqamətləri ilə bağlı bütün məsuliyyəti revanşist müxalifətin öhdəsinə buraxdı.

Ona görə də, indi artıq revanşist siyasi qüvvələr Paşinyan hakimiyyətinə qarşı mübarizədə yenidən meydanda tək qalmış kimi görünür. Çünki Rusiyanın bundan sonra çevriliş tərəfdarlarına elə bir ciddi dəstək verə biləcəyi o qədər də inandırıcı görünmür. Və bu, Paşinyan hakimiyyətinin yenidən möhkəmlənmək şansı qazanması anlamına gəlir.

Bütün bunları nəzərə aldıqda, ABŞ və Türkiyənin Paşinyan hakimiyyətini Kremlin əlindən xilas etmək üzrə olduğunu da düşünmək olar. Bu isə hakimiyyətdə qala biləcəyi təqdirdə, Paşinyan hakimiyyətinin regional məkanda əməkdaşlığın inkişaf istiqamətləri ilə bağlı qəbul edəcəyi qərarlara birbaşa təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu