11 Dekabr 2024

ABŞ kəşfiyyatı: Rusiya Ukraynanı “Oreşnik”lə yenidən vuracaq

Beynəlxalq xəbər agentlikləri AP və Reuters-in ABŞ hökumətindəki mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya yaxın günlərdə Ukraynaya qarşı yeni “Oreşnik” raket kompleksini yenidən tətbiq edə bilər. ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, bu ehtimal yüksəkdir.

Bununla belə, Reuters-ə danışan ABŞ hökumət mənbəsi vurğulayıb ki, Rusiyanın bu yeni raket sistemindən istifadəsi döyüş meydanındakı vəziyyətə ciddi təsir göstərməyəcək.

“Biz hesab edirik ki, ‘Oreşnik’ döyüş meydanındakı güclərin nisbətini əhəmiyyətli dərəcədə dəyişdirəcək bir faktor deyil. Çox güman ki, bu, Rusiyanın Ukraynanı terrorizasiya etmək üçün növbəti uğursuz cəhdidir,” — deyə Vaşinqtondakı mənbə Reuters-ə bildirib.

Musavat.com bildirir ki, ABŞ kəşfiyyatı və qərargahları Rusiyanın bu addımını Ukrayna xalqı və ordusu üzərində psixoloji təzyiq yaratmaq cəhdi kimi qiymətləndirir. Lakin Qərb analitikləri belə cəhdlərin uğursuz olacağını və Ukraynanın müdafiə imkanlarına təsir etməyəcəyini bildirirlər.

Rusiya və Ukrayna arasındakı müharibənin gərginliyi artdığı bir vaxtda bu kimi yeni silah tətbiqi iddiaları beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilir.

Daha ətraflı məlumat üçün: BBC -nin bu linkinə bax: https://www.bbc.com/russian/articles/c983471l8qzo?at_campaign=ws_whatsapp