25 Aprel 2024

ABŞ-dan Türkiyə ilə bağlı SON DƏQİQƏ açıqlaması

ABŞ Dövlət Departamenti və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriya və İraqın şimalındakı terrorçu hədəflərə qarşı keçirilən “Pençe Kılıç” hava əməliyyatı ilə bağlı açıqlama yayıb.

Musavat.com-un xəbərinə görə, ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir:

“Biz tərəfləri mülki insanları qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq. İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik”.

Pentaqonun açıqlamasında isə bildirilir ki, aparılan əməliyyatlar İŞİD-in dirçəlməsinə gətirib çıxara bilər: “ABŞ Müdafiə Nazirliyi Suriyada sabitliyi pozan hər hansı hərbi əməliyyatı və ya İraq hökuməti ilə koordinasiya olmadan həyata keçirilən hərbi əməliyyatları bu ölkənin suverenliyinin pozulması kimi qəbul edir”.

Qeyd edək ki, Türkiyə ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarla PKK-ya ağır zərbələr endirilib.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal  prospektində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı bombalı hücumu həyata keçirən qanlı terror təşkilatı Qaziantep və Kilisdə də dinc sakinlərə qarşı hücumlar gerçəkləşdirib.

PKK terror təşkilatı dünən Suriyanın şimalından Qaziantepin Karkamış rayonuna 10 ədəd raket atıb. Raketlərdən biri orta məktəbə, ikisi evə, biri isə yük maşınının üzərinə düşüb. 2 gün əvvəl atılan raketlərdə biri müəllim, biri uşaq olmaqla, 3 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb. Ağır xəsarət alan hamilə qadının müalicəsinin isə davam etdiyi bildirilir.

Toğrul İSMAYIL