29 Mart 2024

ABŞ da Minsk Qrupunun “ölümü” ilə barışdı, amma… – Bakıdan reaksiya gecikmədi

“İrəvanla Bakı arasında davam edən danışıqların tempi və dərinliyi uzun müddətdir görmədiyimiz münaqişənin həllinə nail olmaq potensialını nümayiş etdirir”.

Bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker srağagün ABŞ Senatının Xarici Əlaqələr Komitəsində təşkil edilən dinləmələrdə deyib.

“Təbii ki, hər iki ölkənin hakimiyyətinin hələ çox işi var. İki ölkə arasında xarici oyunçuların maraqları ilə deyil, öz maraqları ilə şərtlənən birbaşa danışıqlar uzunmüddətli uğur üçün ən böyük şansa malikdir”, – Riker söyləyib.

“ABŞ ATƏT-in Qarabağ üzrə Minsk Qrupunun mexanizminin artıq işləmədiyini etiraf edir”.

Bunu da öz çıxışında F. Riker deyib (Qeyd edək ki, bir neçə ay öncə o həm də ABŞ-ın Minsk Qrupundakı yeni həmsədri kimi fəaliyyətə başlamışdı ki, bu təyinat da rəsmi Bakının sərt reaksiyasına səbəb olmuşdu).

O, bunu ilk növbədə Bakının MQ-dən imtinası ilə əlaqələndirib və vurğulayıb ki, “Azərbaycan sadəcə, bəyan edir ki, daha Minsk Qrupu onu maraqlandırmır”.

Rikerin sözlərinə görə, Minsk Qrupu artıq bəlli olduğu formada fəaliyyət göstərmir: “İndi həmsədrlər arasında qarşılıqlı fəaliyyət prosesi dayanıb”.

Bununla belə, o, ardından iddia edib ki, Minsk Qrupunun mandatı, hədəfləri qalır, çünki MQ-nin mandatı hələ ki, faydalıdır. Rikerin fikrincə, Vaşinqton yalnızca Bakı və İrəvanla birbaşa qarşılıqlı fəaliyyət prosesi çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma ilə məşğuldur. O zaman bəs “Minsk Qrupunun mandatı, hədəfləri qalır, çünki hələ ki, faydalıdır” ifadəsi nə demək?

Bir daha amerikalı diplomatlara da xatırladırıq ki, Azərbaycan Prezidenti oktyabrın 31-də Soçidə Putinlə görüşdə növbəti dəfə və qəti şəkildə Qarabağ münaqişəsinin iki il öncə həll olunduğunu və artıq tarixdə qaldığını deyib.

“Onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu olmayacaq, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.

Bunu isə İlham Əliyev srağagün Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Elə dünən (srağagün – red.) dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”, – Prezident vurğulayıb.

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Amerika dövlət nümayəndələrinin Qarabağ münaqişəsi ilə bağlı söylədikləri öz dövlət maraqları ilə bağlıdır: “Qafqaz və Azərbaycan region olaraq heç vaxt Amerikanın milli maraqlarının birinci qurşağına daxil olmayıb. Amma daxili siyasətdə erməni amilinin böyük rolu olub. Bununla belə, Amerika münaqişəyə tam təsir imkanını da itirmək istəmir. Burada ABŞ və Avropa Birliyinin rolu önə çəkilir. AB-yə bizim neft-qazımız lazımdır. ABŞ-a da erməni diasporunun mövqeyi daxili siyasətdə özünü göstərir. Bir də imkan tapdıqca Rusiyanı sıxmaq əsas məqsəddir. Azərbaycan isə anlayır ki, güclü dövlət olmaq lazımdır. Türkiyə ilə daim qardaş və müttəfiq olmaq gərəkdir. Rusiya ilə tarazlı rasional diplomatiya ilə işləmək vacibdir. Ermənistanın da arada ”qorxusunu” almaq üçün hərbi “çıldağ”a ehtiyacı var. Minsk Qrupu necə mövcud ola bilər? Fransa qərəzli, ABŞ və Rusiya isə bir-biri ilə “danışmır”. AB isə neft-qazımızı alsın. Münaqişə Azərbaycan-Türkiyə birgə fəaliyyəti, Rusiyanın sonda məcbur razılaşması, Ermənistanın da qəbul etməsi formatında nizamlana bilər. Digər aktorlar burada elə-belə “mən də varam” modundadırlar”.

Siyasi ekspert: Azərbaycan Qoşulmama Hərəkata sədrliyi dövründə üzərinə  düşən öhdəlikləri layiqincə yerinə yetirib - AZƏRTAC

Elman Vəliyevə

Konfliktoloq Elman Vəliyevə görə isə Rikerin nəzərdə tutduğu xarici oyunçu elə Rusiyadır: “Amerika və Fransa Ermənistanla Azərbaycan arasındakı problemi özləri həll etmək istəyir. Tutaq ki, Rusiya geri çəkildi və bu iki dövlət problemi aradan qaldırmaq üçün cəhd göstərdilər. Problem aradan qalxacaqmı? Əlbəttə ki, yox! Fransa Azərbaycan əleyhinə qətnamə qəbul edən, Amerika isə silah embarqosu tətbiq edən dövlətdir. Ermənistanı qoyub Azərbaycanın lehinə siyasi gedişatlar etməyəcəklər təbii ki. Bunlara nisbətən Rusiya daha sərf edir. Əgər Rusiya ilə münasibətləri, siyasi oyunları yaxşı bacara bilsək, bu bizim işimizə çox yarayacaq. Rusiya da tərəflər arasındakı konfliktin bitməsini istəmir. Zatən bu konflikt birdən-ikiyə bitəcək bir konflikt deyil. Tərəflər arasında ərazi, etnik, dini konfliktlər mövcuddur. Qarabağ konflikti Azərbaycan üçün bitdi sayılsa da, başqaları üçün hələ də aktivdir. Konflikt indi başqa bir fazaya keçib. Bu fazada həm müharibə var, həm diplomatiya var, həm də təhdid, çəkindirmə var. Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisi kimi tanımağa razıdır. Ancaq ”arsax” məsələsini arxivə atmaq istəmirlər. Açığı danışsaq heç Rusiya da, Amerika da, Fransa da bunu istəmir. Vardanyanı niyə “arsax”a “nazir” göndərdilər ki? Konflikt daha da qarışıq olsun. Demirəm, daha da böyüsün. Deyirəm ki, daha qarışıq olsun. İlham Əliyev deyir ki, Qaradağdakı ermənilərlə danışmağa hazırıq, amma Vardanyan kimiləri ilə yox. İlham Əliyev danışmağa hazırıq deyərkən, oradakı ermənilərə vətəndaşlıq vermək, azadlıq və hüquqlarının təminatçısı olmaq istəyini dilə gətirdi. Vardanyan isə deyir ki, “arsax” subyekt olmalı və rəsmi Bakı ilə danışıqlar aparmalıdır. Yəni buradan aydın olur ki, Vardanyan deyir ki, “arsax məsələsi”ni İrəvanla yox, mənimlə, bizimlə danışın. Qısası, Vardanyan demir ki, qondarma rejim ləğv ediləcək. Hələ əksinə, özünü subyekt kimi görür.

Hələ təsəvvür edin, Vardanyan Araik Harutunyanın yerinə keçir! Bəs iki tərəf arasında danışıqlar olsa necə? Baxın, bu, maraqlı sualdır. Oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlər? Məncə, bu təklif onlarda duş effekti yaradar. Yəni buna tərəddüdlə yanaşarlar. Deyərlər ki, bizim özümüzünkülərdən ibarət müdafiə təminatçılarımız olsun. Bəs bundan sonra nə olacaq? Belə bir situasiyada sülh çətin olar. Vəziyyət getdikcə qarışacaq. Bunun şahidi olacağıq. Azərbaycan üçün elə seçim yoxdur. Hərbi yola əl atmaqdan başqa variant qoymurlar. Yəni var gücü ilə müharibə edib qondarma respublikanın nəyi varsa, məhv etsin. Bu da ki başqalarını narahat edən amil olduğu üçün heç də asan məsələ deyil. Ya da belə bir variant var: “artsax” Azərbaycanın tərkibində bir idarə sistemi kimi mövcud olsun. Başlarında hər iki tərəfin nümayəndəsi olsun. Əsas söz sahibi Azərbaycan olsun. Azərbaycanın sistemi keçərli olsun”.

Afaq MİRAYİQ