ABŞ Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır – Səfirlik
ABŞ məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə çox narahatdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin tvitter hesabında qeyd edilib.
” Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”, – deyə əlavə edilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Dünən isə erməni KİV-də Axundov Hüseyn Əhliman oğlunun işgəncələrə məruz qaldığını əks etdirən videogörüntülər və fotolar yayılıb.
Baş Prokurorluq tərəfindənAzərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb. Ombudsman Azərbaycan hərbçisinə işgəncə verilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ombudsman BQXK-dən azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib.