22 Noyabr 2024

Ukrayna Rusiyanı düşmən elan etdi:ABŞ və Qərbə güvənib, savaşa girsə, fəlakət ilə üzləşə bilər

ABŞ və Qərbin Ukraynaya görə Rusiya ilə savaşa girə biləcəyi qətiyyən inandırıcı deyil; Əksinə, böyük ehtimalla ən önəmli məqamda Ukraynanı Rusiyanın qarşısında taleyin ümidinə buraxıb, kənara çəkiləcək…

Ukrayna ətrafında hərbi-siyasi situasiya gərginləşməkdə davam edir. Son günlər artıq atəşkəs rejiminin pozulması  daha tez-tez müşahidə olunur. Və bu, yaxın günlərdə MDB məkanında yeni savaş ehtimalını gücləndirir.

Belə anlaşılır ki, Rusiya ilə Ukraynanın savaş meydanında növbəti dəfə üz-üzə gələ biləcəyi gün o qədər də uzaqda deyil. Bu savaş əgər, baş verərsə, MDB məkanında bir çox şeyləri ciddi şəkildə dəyişə bilər. Bu dəyişiklik isə böyük ehtimalla ABŞ və Qərbin maraqlarında xüsusi yer tutur.

Əslində, hazırda Rusiya və Ukrayna arasında hərbi-siyasi qarşıdurmanın intensivləşməsi daha çox iki önəmli faktorun təsirindən qaynaqlanır. Birincisi, rəsmi Kiyev son vaxtlar Azərbaycanın II Qarabağ savaşında cəmisi 44 gün ərzində qalib gəlməsindən ruhlanmış kimi görünür. Bu savaşın taktika və strategiyasını ciddi şəkildə təhlil edir. Paralel nəticələrin mümkün ola bilmə ehtimalını təhlil edir.

zelenski-000_1GZ5H3.jpg (165 KB)

Digər tərəfdən isə Azərbaycanın savaşa başlamaq üçün uzun illər səbrlə gözlədiyi geopolitik situasiya da nəzərdən qaçırılmır. Rəsmi Kiyev Ukrayna üçün də analoji situasiyanın yarandığına əmin olmaq istəyir. Azərbaycanın beynəlxalq siyasi dəstəyi öz arxasına aldıqdan sonra savaşa başlamaq qərarı verməsi əlbəttə ki, olduqca önəmli faktordur. Xüsusilə də, Türkiyənin Azərbaycanın yanında yer alması Rusiyanın savaşa birbaşa müdaxilə həvəsini balanslaşdırmış oldu. Və indi rəsmi Kiyevin də belə balanslaşdırıcı faktora ehtiyacı var.

Təbii ki, Ukrayna hazırda ABŞ və Qərbə güvənir. Rəsmi Kiyev Donbassda separatçıların üzərinə gedəcəyi təqdirdə, ABŞ və bəzi nüfuzlu Qərb dövlətlərinin Ukraynaya açıq siyasi dəstək verəcəyinə ümid bəsləyir. Və bu, nə qədər inandırıcı ehtimal olsa da, hər halda, müəyyən mənada, həm də olduqca təhlükəli variantdır.

Məsələ ondadır ki, ABŞ və Qərb üçün Ukraynanın ərazi bütövlüyü sadəcə, siyasi mövzudur. Ancaq əsas məsələ Ukrayna ilə Rusiya silahlı qüvvələri arasında real toqquşmalar olarsa, ABŞ və Qərbin necə davranacağıdır. Və bu halda, Ukraynanın ümidinin tam doğrulma ehtimalı reallaşmaya da bilər.

Onu da qeyd edək ki, bu dəfə iki qonşu ölkə ordularının toqquşma ehtimalı kifayət qədər yüksəkdir. Yəni, Kreml bu dəfə Donbassdakı separatçıların arxasından deyil, açıq mövqedən “atəş açmağa” hazır olduğunu biruzə verir.

87f3e6340ae04aa8850ac280ca74440f.jpg (176 KB)

Hər halda, Rusiyanın Ukrayna ilə sərhəd bölgəsinə qoşun yığdığı, hərbi texnika cəmləşdirdiyi barədə məlumatlar təsdiqlənməyə başlayıb. Və bu prosesin Ukraynanın Donbass ətrafında 90 minlik canlı qüvvə yerləşdirməsi barədə məlumatlardan sonra başladığı bildirilir.

Göründüyü kimi, Rusiya-Ukrayna qarşıdurmasında hələlik kifayət qədər qəliz məqamlar var. Kreml hansısa mərhələdə savaşa birbaşa qatılmaq niyyətini qətiyyən gizlətmir. Bu, rəsmi Kiyevin mütləq hesaba qatmalı olduğu məqamdır.

Çünki, ABŞ və Qərbə güvənərək, Rusiya ilə açıq savaşa girmək Ukrayna üçün faciəvi nəticələr də doğura bilər. Hər halda, ABŞ və Qərbin Ukraynaya dəstəyinin siyasi bəyanatlardan və silah-sursat təchizatından uzağa getməyəcəyi qətiyyən şübhə doğurmur. Belə dəstəklə isə Ukraynanın Rusiya ilə savaşdan məğlubiyyətsiz çıxma ehtimalı yoxdur. Hətta Kremlin Ukraynanı bütövlükdə işğal edə biləcəyi də qətiyyən istisna deyil.

Bütün bunlar onu göstərir ki, indiki halda, Rusiya-Ukrayna savaşı daha çox ABŞ və Qərbə lazımdır. ABŞ və bəzi nüfuzlu Qərb dövlətləri Ukraynanı Rusiya ilə savaşa təşviq etməklə, Kremli növbəti “hərbi bataqlığa” sala biləcəklərini düşünürlər. Yəni, Ukrayna və Rusiya arasında düşmənçilik onların maraqlarına tamamilə cavab verir.

ukrayna-rusiya.jpg (41 KB)

ABŞ və Qərbin maraqlarına ifrat həssas olan rəsmi Kiyev isə Rusiyanı artıq Ukraynanın yeni hərbi təhlükəsizlik strategiyasında düşmən dövlət elan edib. Bu, Ukraynanın Rusiya ilə qarşılıqlı münasibətlərdə artıq geriyə dönüşü olmayan bir yola girdiyini göstərir. Ancaq rəsmi Kiyev bu düşmənçiliyin mütləq müharibə ilə sübuta yetirilməsinin vacibliyinə də əmin deyil.

Ukrayna prezidenti Vladimir Zelenski Donbass bölgəsində atəşkəs rejiminin qorunmasına nail olmaq üçün beynəlxalq qurumlara çağırış edib. Ukrayna prezidenti münaqişə bölgəsində baş verən son silahlı toqquşmaların ilkin nəticələrini faciəvi hesab edir: “Biz yenə əsgərlərimizi itirdik. Beynəlxalq ictimaiyyəti atəşkəs rejiminin bərpasına dəstək verməyə çağırıram”.

Ukrayna siyasi dairələri Donbass ətrafında atəşkəsin bərpası üçün bütün mümkün olan addımları atdığını vurğulayırlar. Bəzi məlumatlara görə, rəsmi Kiyev hətta ATƏT-in monitorinq mərkəzi üzərindən də Donbass separatçılarını atəşkəsə çağırıb.

Ancaq separatçılar Ukrayna ordusunun mövqelərini ağır silahlardan atəşə tutmaqda davam ediblər. Ona görə də, Ukrayna Donbass separatçılarının bu davranışlarını əvvəlcədən planlaşdırılmış təxribat hesab edir.

Map_of_the_Donbass.png (143 KB)

Göründüyü kimi, Ukrayna Rusiya ilə savaşa böyük sürətlə yaxınlaşır. Ukraynada bəzi nüfuzlu siyasətçilər, o cümlədən, bu ölkənin keçmiş prezidenti Leonid Kravçuk Rusiyanın yarımçıq qalan işi tamamlamaq niyyətindən danışıb. Onun fikrincə, Kreml bu dəfə Ukraynanı tamamilə işğal etmək istədiyini biruzə verir.

Əgər, bu iddia özünü doğruldarsa, ABŞ və Qərbin reaksiyası böyük önəm daşıyan bilər. Çünki rəsmi Kiyev güclü kənar dəstək olmadan Rusiyanın hərbi qüdrəti qarşısında tab gətirmək şansına sahib deyil. Yəqin ki, savaş başlayacağı təqdirdə, ABŞ və Qərb ilkin mərhələdə Ukraynaya müəyyən qədər dəstək verəcək.

Ancaq əgər, Ukraynanın qorunması və ya xilas edilməsi üçün ABŞ və Qərbin birbaşa hərbi müdaxiləsi qaçılmaz olarsa, bu halda, situasiya kəskin şəkildə dəyişə bilər. Hər halda, ABŞ və Qərbin Ukraynaya görə Rusiya ilə savaşa girə biləcəyi qətiyyən inandırıcı deyil.

Əksinə, böyük ehtimalla ən önəmli məqamda ABŞ və Qərb Ukraynanı Rusiyanın qarşısında taleyin ümidinə buraxıb, öz mövqeyindən geri çəkiləcək. Bu səbəbdən də, Ukrayna ABŞ və Qərbə güvənərək, savaşa girmək niyyətindədirsə, bunu yaxşı götür-qoy etməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu