Paşinyan ordunu parçaladı: Qarabağ klanını indi yalnız vətəndaş müharibəsi xilas edə bilər
Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq hərbi-siyasi böhrana çevrilib; Qarabağ klanına bağlı erməni generalitetinin müqavimət israrı parçalanmış ordunun iştirakı ilə silahlı toqquşmalara yol aça bilər…
Ermənistanda siyasi böhran dərinləşir. Sön günlər bu qarşıdurma artıq öz məzmun və keyfiyyətini ciddi şəkildə dəyişməyə başlayıb. Və siyasi qarşıdurma tədricən hərbi faktorlarla yüklənməyə başlayıb.
Ona görə də, hazırda Ermənistanda baş verənləri müəyyən mənada hərbi-siyasi böhran kimi də dəyərləndirmək mümkündür. Hər halda, Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan ətrafında baş verənlər belə düşünməyə tamamilə əsas verir. Və bu qarşıdurmanın daha da dərinləşmə ehtimalı qətiyyən istisna deyil.
Məsələ ondadır ki, rəsmi İrəvan baş qərargah rəisinin rəhbərliyi altında erməni generalitetinin Paşinyan hakimiyyətinə qarşı müxalifətin istefa tələblərinə dəstək verməsini dövlət çevrilişinə cəhd kimi qəbul edir. Paşinyan hakimiyyəti ölkədə hərbi xuntanın qurulmasına heç bir halda, imkan verməyəcəyini vurğulayır. Və bu istiqamətdə müəyyən addımlar atmağa da çalışır.
Ancaq baş nazir Nikol Paşinyanın baş qərargah rəisi O.Qasparyanı vəzifəsindən kənarlaşdırmaq üçün ilk cəhd uğursuz olmuşdu. Çünki Ermənistan prezidenti Armen Sarkisyan baş nazir N.Paşinyanın baş qərargah rəisini vəzifəsindən azad etmək barədə ilk təqdimatını geri çevirmişdi. Və nəticədə erməni baş nazir növbəti də ölkə prezidentinə təqdimat göndərmək məcburiyyətində qalmışdı.
Bu dəfə vəziyyət hüquqi cəhətdən bir qədər qəliz görünürdü. Belə ki, prezident A.Sarkisyan baş nazirin yeni təqdimatını ya imzalamalı, ya da geri qaytarmaq hüququ olmadığından Konstitusiya Məhkəməsinə yönəldərək, məsuliyyəti üzərindən atmalıydı.
Əslində, bu variantların hər ikisi Ermənistan prezidenti üçün əlverişsiz idi. Çünki o, təqdimatı imzalasaydı, həm ordu, həm də müxalifət ilə tərs düşə bilərdi. Təqdimatın Konstitusiya Məhkəməsinə göndərilməsi isə onun Paşinyan hakimiyyəti ilə qarşıdurmaya girməsi anlamı daşıyacaqdı. Və Paşinyan hakimiyyəti artıq prezident A.Sarkisyana qarşı parlamentdə impiçment prosedurunun işə salına biləcəyi ilə bağlı xəbərdarlığı rəsmən gündəmə gətirmişdi.
Qəribə də olsa, Ermənistan prezidenti gözlənilmədən üçüncü varianta üstünlük verdi. Belə ki, təqdimata imza atmadı və Konstitusiya Məhkəməsinə də göndərmədi. Yəni cavabsız buraxdı. Və bu haldasa, qanunvericiliyə görə, baş nazirin təqdimatı hüquqi qüvvəyə minmiş olur.
Maraqlıdır ki, baş nazir N.Paşinyan artıq bu barədə rəsmi bəyanatla çıxış edib. O, vurğulayıb ki, qanunvericiliyə görə, O.Qasparyan baş qərargah vəzifəsindən azad edilmiş sayılır. Onun yerinə isə artıq dərhal yeni qərargah rəisi təyin olunub. Bu isə Ermənistanda yeni gərginliyin əsasını qoyub.
Məsələ ondadır ki, erməni generaliteti hüquqi cəhətdən artıq səlahiyyətlərini itirmiş baş qərargah rəisinin arxasında olduğunu bəyan edib. Bu isə Ermənistan ordusunun parçalanması anlamına gəlir.
Bəzi məlumatlara görə, Ermənistan ordusunun Rusiyaya bağlı əksər generalları O.Qasparyanın vəzifəsində qalmasını tələb edir. Yeni qərargah rəisinin təyin olunmasının hüquqa ziddi hesab etdiklərini vurğulayırlar. Bu, müəyyən mənada, Ermənistan ordusunun ali komanda heyətinin Paşinyan hakimiyyətinə qarşı çıxması anlamını daşıyır.
Ancaq yerli KİV-lərin verdiyi digər məlumatlarda Ermənistan ordusunun aşağı çinli zabit heyətinin Paşinyan hakimiyyətini dəstəklədiyi vurğulanır. Əsas səbəb kimisə, ordunun müharibənin yenidən bərpa olunmasından narahatlıq keçirməsi göstərilir. Yəni, belə anlaşılır ki, erməni generaliteti istisna olunmaqla, əslində, Ermənistan ordusu daha vuruşmaq istəmir.
Təbii ki, belə vəziyyət Ermənistan ordusunda parçalanma meyllərinin mövcudluğundan xəbər verir. Belə ki, erməni generaliteti hələ də Rusiyameylli revanşist müxalifətlə eyni siyasi hədəfləri bölüşür. Paşinyan hakimiyyətinin dəyişdirilməsində israrlı mövqe tutur.
Buna paralel olaraq, Ermənistan ordusunun aşağı rütbəli zabit heyəti və əsgərlər, eləcə də, ölkədə siyasi-iqtisadi islahatların, regional layihələrə qatılmaq şansını dəyərləndirməklə ölkənin inkişaf etdirilməsinin tərəfdarları Paşinyan hakimiyyətini dəstəkləyir. Bu baxımdan, hər iki qarşıduran tərəfin ixtiyarında hərbi təzyiq faktorlarının mövcudluğu böyük maraq doğurmaqdadır.
Belə anlaşılır ki, baş nazir N.Paşinyan öz siyasi rəqiblərinin əsas istinad gücünü – ordunu belə, parçalamağa nail olub. Hər halda, ordu revanşist müxalifətin arxasında ümumilikdə dayanmış olsa, Paşinyan hakimiyyəti uzun müddət hərbi-siyasi təzyiqlərə davam gətirə bilməzdi. Əvvəl-axır istefa verib, siyasi səhnədən çəkilmək məcburiyyətində qalardı.
İndisə, vəziyyət baş nazir N.Paşinyanın xeyrinə ciddi şəkildə dəyişmiş kimi görünür. Belə ki, indi o, yalnız erməni cəmiyyətinin islahata meyilli təbəqələri tərəfindən deyil, həm də ordunun əhəmiyyətli bir hissəsi tərəfindən müdafiə olunur.
Bu isə Paşinyan hakimiyyətinin hərbi-siyasi qüvvələr nisbətini öz xeyrinə dəyişə bilməsi anlamına gəlir. Ona görə də, hesab etmək olar ki, revanşist müxalifətin Ermənistanda hakimiyyəti dəyişmək cəhdləri artıq o qədər də real nəticələr vəd etmir. Bu cəhdlər ən yaxşı halda, Ermənistanda hərbi-siyasi böhranı dərinləşdirməyə yetə bilər.
Bütün bunlar onu göstərir ki, baş nazir N.Paşinyan öz hakimiyyəti üçün növbəti təhlükəli situasiyanı da aradan qaldırmaq şansı qazanıb. Əgər buna nail olarsa, böyük ehtimalla baş nazir N.Paşinyan öz hakimiyyətini daha da möhkəmləndirmək imkanları qazana bilər. Bu isə o deməkdir ki, bütün ölkə üzərində öz siyasi iradəsini bərpa edəcəyi təqdirdə, erməni baş nazirin tədricən Rusiyaya bağlı revanşist Qarabağ klanını sıradan çıxartmaq niyyətinə düşə biləcəyi də qətiyyən istisna deyil.
Ona görə də, keçmiş baş nazir Vazgen Manukyanın formal liderlik etdiyi, əslindəsə, Köçəryan-Sarkisyan cütlüyünün nəzarətində olan revanşist müxalifət yaxın vaxtlarda Ermənistan paytaxtında silahlı toqquşmalara cəhd göstərmək məcburiyyətində qala bilər. Çünki Qarabağ klanının öz mövcudluğunu qoruması üçün artıq başqa yolun və o qədər də çox zamanın qalmadığı müşahidə edilir. Bu haldasa, Ermənistanda vətəndaş müharibəsi ehtimalı real görüntülər ala bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu