25 Noyabr – Kəlbəcər şəhəri günü
Kəlbəcər qədim tarixə, unikal təbiətə və strateji əhəmiyyətə malik bölgəmizdir. Qədim türk dilində “çay üstündə qala” mənasını verən Kəlbəcər ərazisində 30 min illik yaşayış məskənləri, qədim qaya təsvirləri və türklərə aid yazılar aşkar edilib. Azərbaycanın ən yüksək dağ rayonlarından biri olan Kəlbəcər həm təbiəti, həm də tarixi abidələri ilə xüsusi əhəmiyyət daşıyır.
1993-cü ilin 2 aprelində Kəlbəcər Ermənistan tərəfindən işğal olundu və yüzlərlə dinc sakin qətlə yetirildi, onlarla kənd, məktəb, mədəniyyət evi və tarixi abidə dağıdıldı. İşğal dövründə rayon ərazisində qeyri-qanuni məskunlaşma aparıldı.
Vətən müharibəsində qazanılan Zəfərdən sonra imzalanmış 10 noyabr Bəyanatına əsasən Kəlbəcər 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə geniş bərpa və quruculuq işləri başlanıldı. Şəhərin baş planı təsdiqləndi, yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, sosial obyektlər, yollar və tunellər sürətlə inşa olunur.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu və Murovdağ tuneli bölgənin ən böyük layihələri arasındadır. Rayonun enerji infrastrukturu yenidən qurulub, “Çıraq”, “Soyuqbulaq”, “Yuxarı Vəng” kimi su elektrik stansiyaları istifadəyə verilib. “İstisu” Müalicə-İstirahət Kompleksi və “İstisu” mineral su zavodu Kəlbəcərin iqtisadi potensialını daha da artırır.
Bu gün Kəlbəcər işğaldan azad olunmuş ən sürətlə bərpa olunan rayonlarımızdan biridir. Onlarla kəndin, yüzlərlə ailənin geri dönüşü üçün yeni evlər tikilir, yaşıl şəhər konsepsiyası əsasında müasir yaşayış infrastrukturu qurulur.
25 Noyabr – Kəlbəcər şəhəri günü işğaldan azad olunan torpaqlarımızın dirçəlişinin rəmzidir.
Kəlbəcər yenidən qurulur, Azərbaycan isə tarixinin ən güclü dövrünü yaşayır.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
