19 Noyabr 2025

Dünənin, bu günün və sabahın partiyası

1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, Azərbaycanın müasir dövlətçilik modelinin formalaşmasında, idarəetmə sisteminin yenilənməsində və müstəqil respublikanın ideoloji xəttinin müəyyənləşməsində həlledici rol oynayan tarixi bir fenomendir. YAP-ın 33 illik tarixi, əslində, müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin siyasi xəttini özündə ehtiva edir. Bu yol iki böyük şəxsiyyətin – Heydər Əliyevin xilaskarlıq missiyası və İlham Əliyevin inkişaf, modernizasiya və qlobal siyasi liderlik kursu ilə tamamlanır.

1992-ci ilin siyasi böhran şəraitində, dövlətçiliyin çökmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda 91 nəfər tanınmış ziyalının Heydər Əliyevə müraciəti və Naxçıvanın sərt siyasi mühitində keçirilən təsis konfransı YAP-ın təməlini qoydu. Partiyanın yaranması Azərbaycanın siyasi sistemində dönüş nöqtəsinə çevrildi. Hakimiyyətsizlik və parçalanma meyllərinə qarşı milli həmrəylik təşkil olundu, dövlətçilik ideyalarının konsolidasiyası üçün mühüm addımlar atıldı, baş verə biləcək təhlükələrin düzgün qiymətləndirilməsi sayəsində gələcək inkişaf perspektivləri doğru-düzgün müəyyənləşdirildi.

Yeni Azərbaycan Partiyasının Heydər Əliyev dövrü (1992–2003) müstəqil və müasir dövlət quruculuğu, siyasi sistemin sabitləşdirilməsi və institusional formalaşması ilə müşayiət olunmuşdur. Həmin illər ərzində YAP güclü təşkilatlanma siyasəti,bölgələrdə partiya strukturlarının qurulması, milli siyasi elitanın formalaşdırılması ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməyə nail olmuşdur.“Əsrin müqaviləsi” və Azərbaycanın enerji diplomatiyası YAP-ın siyasi xəttinin əsas prioriteti olaraq dövlət müstəqilliyini dönməz etdi. Heydər Əliyevin rəhbərliyi ilə partiya yalnız hakim siyasi qüvvə deyil, həm də milli dövlətçilik ideologiyasının daşıyıcısına çevrildi.

Artıq sıralarında Heydər Əliyev ideyalarına sadiq yüz minlərlə üzvü birləşdirərək ümumxalq partiyasına çevrilmiş YAP-ın İlham Əliyev dövrü isə (2003–2025) modernləşən Azərbaycanın və partiyanın yeni inkişaf strategiyasının müəyyənləşdirilməsi ilə çağdaş tariximizə yazılıb. Ulu Öndərimizin siyasi kursunun ən layiqli davamı kimi səciyyələnən cənab İlham Əliyev dövrü YAP-ın yeni keyfiyyət mərhələsi ilə xarakterizə olunur.

44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər YAP-ın siyasi xəttinin uğurunun təsdiqi oldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi və bənzərsizərkərdəlik məharəti sayəsində Azərbaycan yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Tarixi Qarabağ Zəfərinin yaratdığı yeni reallıqlar, təbii ki, Azərbaycanın tərəqqi strategiyasının ideoloji sütunu olan Yeni Azərbaycan Partiyası qarşısında da günün tələblərinə uyğun yeni vəzifələrin qoyulmasını şərtləndirdi. Bu baxımdan, YAP-ın 2021-ci ildə keçirilmiş VII Qurultayının qərarlarını ciddi tarixi islahatlara, yenilənməyə, yeni siyasi konfiqurasiyanın yaradılmasına, konsolidasiyaya və strateji modernizasiyaya keçid kimi dəyərləndirmək mümkündür.

Bu gün YAP ölkədə ən geniş təşkilati şəbəkəyə malik siyasi qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin davam etdirilməsi, modernləşmə siyasətinin aparılması və Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaq missiyasını davam etdirir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı