Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Ağdam şəhərinin erməni işğalından azad olunmasından 5 ili tamam olur. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı.
Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi davam etdiyi müddətdə dəfələrlə vurğulayırdı ki, “ Ermənistan rəsmi olaraq, qoşunların ərazilərimizi tərk etməsi ilə bağlı bizə cədvəl versin, biz dayanaq”. Biz qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qaytarılsın. Ağdamın işğaldan azad edilməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan xalqının iradəsi və qəhrəman ordusunun gücü ilə əldə edilən bir qələbədir.
Ağdam, yalnız Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət və tarix baxımından mühüm bir şəhəri olmuşdur. Şəhərin adı özü belə böyük mənalar daşıyır; “kiçik qala” deməkdir. Bu, həm şəhərin müdafiə məqsədli yaradılmasından, həm də onun strateji əhəmiyyətindən xəbər verir. Tarixən çoxsaylı mədəniyyətlərin, xalqların yaşadığı bu ərazidəki arxeoloji tapıntılar, Ağdamın Qafqazda ilk şəhər tipli yaşayış məskəni olduğunu sübut edir.
1993-cü ildə Ermənistanın işğalçı qüvvələri tərəfindən dağıdılan Ağdam, həm də “Qafqazın Xirosiması”na çevrilmişdi. Bu dövr, Azərbaycan xalqının ən acı günlərini yaşadığı, torpaqlarının işğal edildiyi, minlərlə insanın evindən didərgin düşdüyü bir dövr olmuşdu. Ağdam şəhəri və ətraf kəndlərdə aparılan barbarlıq, yalnız hərbi məqsəd güdməklə kifayətlənməmiş, həm də tarixi və mədəni abidələrin məhv edilməsi, coğrafi adların dəyişdirilməsi ilə nəticələnmişdir. Cenevrə Konvensiyalarını pozaraq ermənilər, bu ərazilərdə mədəni soyqırım törətmiş və insanları köçkün vəziyyətinə salmışdılar. Azərbaycan xalqının illər boyu çəkdiyi əzablar və itkilər, yalnız Azərbaycanın deyil, həm də ümumilikdə insanlıq tarixinin ən qara səhifələrindən biri olmuşdur.
Ağdamın azad edilməsi ilə yanaşı, burada həyata keçirilən bərpa işləri, Azərbaycanın digər işğaldan azad edilmiş əraziləri üçün də nümunə olacaqdır. Dövlət başçımız İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Ağdamda keçirilən hər bir tədbirdə iştirak edərək, bu ərazinin yenidən qurulmasına rəhbərlik edirlər. Onlar, həmçinin, Ağdam şəhərində salınacaq yeni infrastruktur layihələri ilə şəhidlərimizin xatirəsini əbədiləşdirməyi, qazilərimizin əlindən tutmağı, yerli əhalinin həyatını daha da yaxşılaşdırmağı hədəfləyirlər.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
