19 Noyabr 2025

Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoq davamlı və açıq şəkildə aparılır

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə qardaş ölkələr arasında münasibətlərin hazırkı vəziyyətini, gələcək əməkdaşlıq istiqamətlərini və regional geosiyasi proseslərdə Azərbaycanın rolunu dolğun şəkildə əks etdirir. Müsahibə təkcə ikitərəfli əlaqələrin deyil, həm də Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan geniş strateji çərçivənin konturlarını müəyyənləşdirir.

Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ortaq tarixi köklərə, dini-mənəvi dəyərlərə, adət-ənənələrə malikdir və bu faktorlar xalqlarımızı sıx şəkildə birləşdirir. Xəzər dənizi coğrafi sərhəd kimi deyil, əksinə, ölkələri birləşdirən strateji körpü kimi çıxış edir. Bu gün Azərbaycan və region dövlətləri eyni siyasi, iqtisadi və mədəni məkanın tərkib hissəsidir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Prezident İlham Əliyevin artıq üçüncü dəfə iştirak etməsi də bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini nümayiş etdirir. Son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana 30-a yaxın səfər etməsi, Prezident İlham Əliyevin isə region ölkələrinə 13 dəfə rəsmi səfəri münasibətlərin nümunəvi səviyyədə olduğunu sübut edir. Siyasi dialoq davamlı və açıq şəkildə aparılır, qarşılıqlı etimad isə bütün əməkdaşlıq formatlarının əsasını təşkil edir.

Azərbaycan üçün Mərkəzi Asiyanın artan rolu Orta Dəhlizin genişlənməsi, nəqliyyat marşrutlarının diversifikasiyası və enerji əməkdaşlığının dərinləşməsi ilə daha da əhəmiyyətlidir. Prezident İlham Əliyevin sözlərinə görə, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Şavkat Mirziyoyevlə şəxsi dostluq və qarşılıqlı etimad ikitərəfli əməkdaşlığa güclü dinamika verir. Son illərdə iki ölkə arasında dövlət səfərləri intensivləşib və nəticədə müttəfiqlik münasibətlərini təsbit edən mühüm sənədlər imzalanıb:
Bu, müttəfiqlik münasibətləri haqqında Müqavilə, strateji tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannamə və 2025–2029-cu illər üzrə Yol Xəritəsidir. Xüsusilə Qarabağın bərpasına Özbəkistanın verdiyi töhfə – Füzulidə Uluqbəy adına məktəbin inşası – qardaşlıq münasibətlərinin parlaq nümunəsi kimi tarixə düşüb.

Azərbaycanın yaratdığı infrastrukturlar – Ələt Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, geniş ticarət donanması və 9 beynəlxalq hava limanı – Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit imkanları açır. 2024-cü ildə ölkələr arasında tranzit daşımaları 18%-dən çox artaraq 1,3 milyon tonu keçib. Orta Dəhliz üzrə daşımaların artması Azərbaycanı regionun əsas logistika qovşaqlarından birinə çevirir. Həmçinin Bakı-Daşkənd, Bakı-Səmərqənd və Bakı-Ürgənc reyslərinin intensivliyi iki ölkə arasında əlaqələri daha da gücləndirir. SOCAR-ın Özbəkistanla neft və neft-kimya sahəsində əməkdaşlığı, “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti, eləcə də Azərbaycan–Qazaxıstan–Özbəkistan üçtərəfli enerji inteqrasiyası üzrə imzalanan sazişlər regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq çərçivəsini deyil, həm də Mərkəzi Asiya və Xəzər regionunda formalaşan yeni geosiyasi dinamikanı müəyyən edən strateji tərəfdaşlıq modelini əks etdirir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad, ortaq tarixi-mədəni dəyərlər və qardaşlıq prinsipləri üzərində qurulub. Strateji sənədlər, böyük layihələr, regional təşəbbüslər və güclü siyasi iradə bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı