Azərbaycan–Mərkəzi Asiya xəttində dinamik inkişaf
Bu gün Azərbaycan qarşısına qoyduğu bir çox hədəflərə çatıb, bölgənin aparıcı aktoruna, Avropanın enerji təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib. Ölkəmiz hazırda uğurlu daxili və xarici siyasət həyata keçirərək bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıqlar yaradaraq Şərq-Qərb əməkdaşlığında da əsas halqalardan birinə çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilir, dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri də Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Özbəkistan bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə durmadan genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Dövlət başçısı İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. İlk baxışda coğrafi sərhəd kimi görünən Xəzər dənizinin əslində mühüm birləşdirici amil olduğunu bildirən Prezident İlham Əliyev qeyd edir: “Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.”
Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı bu strateji birliyə verilən dəyərin göstəricisidir. Təkcə coğrafiyanın deyil, həm də ortaq köklərin, dini və mənəvi dəyərlərin, zəngin adət-ənənələrin bu əlaqələrin möhkəm təməli olduğu bəyan edilir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
