Dövlət idarəçiliyində etimad və məsuliyyət
Məlum olduğu kimi, yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bütün şəhərlərdə, kəndlərdə içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir.
Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir. Atılan addımların, müəyyənləşdirilən hədəflərin əsasında Azərbaycanın bölgələrinin bu gün ən yüksək standartlara cavab verməsi çağırışı dayanır. Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma, bütün bunlar görülən işlərin uğurlu nəticələridir.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.
Dövlət başçısı İlham Əliyev məmurların qarşısında bir daha bu vəzifələri qoydu ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada – kəndlərdə insanlarla təmasda olmaq lazımdır: “Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
