26 Noyabr 2025

Zəfər tariximizdən bir yeni səhifə: Bu gün Qubadlı şəhəri günüdür!

25 oktyabr – Vətən müharibəsində Azərbaycanın parlaq Zəfərinin simvollarından biri olan Qubadlının şanlı ordumuz tərəfindən işğaldan azad edilməsindən 5 il keçir.

2023-cü ildə Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, işğaldan azad edilmiş hər bir şəhərin günü xalqımız tərəfindən ehtiramla qeyd olunacaq. Bu tarix, bizim yenidən doğuşumuzun və Qarabağın əbədi olaraq Azərbaycan torpağı olduğunun simvoludur. “25 oktyabr – Qubadlı şəhəri günü” elan edilərək, bizə hər zaman xatırladır ki, bu zəfər canlarından keçən şəhidlərimizin, igidlərimizin fədakarlığı ilə qazanılıb.

44 günlük müharibənin odlu-alovlu döyüşlərində qəhrəman oğullarımız şəhadət zirvəsinə ucaldılar. Qubadlının Milli Qəhrəmanı Şükür Həmidov da öz doğma diyarı uğrunda vuruşaraq əbədiyaşar igidlərimiz sırasına qatıldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların mübarizəsi, qəhrəmanlığı bizə əmanətdir. Müzəffər Azərbaycan Ordusu, Qubadlıda əldə etdiyi qələbədən sonra da öz qətiyyətli Zəfər yürüşünü davam etdirərək, bizə sarsılmaz bir qalibiyyət qazandırdı.

Bu gün Qubadlıya və işğaldan azad edilən hər qarış torpağımıza həyat yenidən qayıdır. Bütün Azərbaycanın qəlbi burada, Qarabağda döyünür. Üçrəngli bayrağımız əzəmətlə dalğalanaraq, mübariz iradəmizin, sarsılmaz vətən sevgimizin simvoludur – əbədi olaraq!
Bu qürurlu anları xalqımıza bəxş edən şəhidlərimizin ruhu daim uca olsun! Qazilərimizə şəfa, güc və səbir diləyirik.

Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı