24 Noyabr 2025

Qubadlı şəhəri günü – xalqımızın yaddaşında qürurla, şərəflə, Zəfər ruhu ilə anılır

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdə yaşayan ermənilərin pulu ilə Qubadlı rayonunun Xanlıq kəndində başqa ölkələrdən gələn ermənilər üçün qəsəbə salınmışdı. Ermənistanın işğalı nəticəsində Qubadlı rayonundan 29997 nəfər keçmiş məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Keçmiş işğal dövründə Qubadlı rayonunda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

Vətən müharibəsində Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun Qubadlı şəhərini, rayonun kəndlərini işğaldan tam azad etməsi nəticəsində Laçın və Şuşaya yol açıldı.

Oktyabrın 25-i Qubadlı şəhəri günüdür. Bu tarix Azərbaycan xalqının yaddaşında qürurla, şərəflə, Zəfər ruhu ilə anılır. 2020-ci ilin həmin möhtəşəm günündə Azərbaycan Ordusu Qubadlını və onun kəndlərini işğaldan azad etməklə, Şərqi Zəngəzurun xilası yolunda böyük bir səhifə açdı. Beş il əvvəl bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bu müjdəni paylaşmışdı. Qubadlı üçün ən əlamətdar günlərdən biri də 2020-ci il 23 dekabrında Prezident İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Təbii ki, ölkə başçısının Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır.

Qələbədən danışarkən, ilk növbədə, şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə qəhrəman şəhidlərimizlə fəxr edəcək. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.

Qeyd etmək lazımdır ki, digər azad edilmiş ərazilərimiz kimi, Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin də müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri uğurla davam etdirilir. Son beş ildə görülən işlərin miqyası böyükdür. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər həyata keçirilir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı