26 Noyabr 2025

Qazaxıstan inkişaf edir və güclənir

2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanat vermiş və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxış etmişdir.

Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Qazaxıstan inkişaf edir və güclənir. O qeyd etmişdir ki, Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda həyata keçirilən islahatlar, modernləşdirilmə və süni intellektin inkişafı sahəsində aparılan işlər ölkənin tərəqqi yolunda inamla irəlilədiyini göstərir.

Həmçinin Prezident bildirib ki, Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş və yaxşı dost olaraq tanınır. Azərbaycan-Qazaxıstan münasibətləri, xüsusilə Azərbaycanın işğal dövründə beynəlxalq platformalarda dəstəklənməsi və Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi prinsiplərə uyğun həllinə göstərilən kömək bu qardaşlığın nümunəsidir.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması məsələsinə də toxunmuşdur. O qeyd etmişdir ki, Azərbaycanın həyata keçirdiyi ilk tranzit əməliyyatı – Qazaxıstanın Ermənistana taxıl yükünün çatdırılması – sülh prosesinin yalnız kağız üzərində deyil, praktikada da gerçəkləşdiyinin göstəricisidir.

Dövlət başçısı həmçinin vurğulamışdır ki, Azərbaycan və Qazaxıstan xalqları çoxəsrlik mənəvi və mədəni köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri ilə birləşir. Son illərdə aparılan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasında münasibətlərin intensiv xarakter daşıdığını, sahə nazirlikləri və dövlət qurumları səviyyəsində fəaliyyətin səmərəli və nəticəyə yönəldiyini göstərir.

Ali Dövlətlərarası Şura iclası çərçivəsində müzakirə olunan məsələlər, gələcək əməkdaşlıq planları və qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi ilə bağlı tapşırıqlar Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət altında saxlanılır.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı