Zəngilan rayonunun coğrafiyası və milli və dini-tarixi abidələr
XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.
Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri:
• Tarixi-dini abidələr:
- İmam Hüseyn məscidi (XVII əsr)
- Məscid (XIX əsr) – Malatkeşin kəndi
- Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi
- Məscid (XIX əsr) – Muşlan kəndi
- Məscid (XIX əsr) – Rəzdərə kəndi
- Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri
• Ziyarətgahlar: - Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi
- Ziya Baba ocağı – Ağkənd kəndi
- Xanazur türbəsi – Bartaz kəndi
- Xanazor piri – Bartaz yaxınlığında
- Soltan Heydər piri – Bartaz dağında
- Günqışlaq piri – Günqışlaq kəndi
- İzzə piri – Hacıllı kəndi
- Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
- Buqakar piri – Leyfaz kəndi
- Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi
- Veysin piri – Pirveyis kəndi
- Seyid Musa ocağı – Sobu kəndi
- Qaradağlı piri – Şəfibəyli kəndi
- Yal piri – Vejnəli kəndi
- Yel piri – Vejnəli kəndi
- Soltan ocağı – Yeməzli kəndi
- Şəhid Məhəmməd yeri – Yeməzli kəndi
- Dəvəcüneyt piri – Zəngilan şəhəri
- Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
• Tarixi memarlıq abidələri: - Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi
- Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi
- Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi
- Qız qalası (orta əsrlər) – Qumlaq kəndi
- Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı
- Sərdabə (XIII əsr) – Şərikan kəndi
- Sərdabə (XIV əsr) – Yenikənd kəndi
- Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi
- Körpü (XIX əsr) – Hacallı kəndi
- Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi
- Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi
- Küp qəbirlər (b.e.ə. IV-II əsrlər) – Yeməzli kəndi
- Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü
- Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi
- Şərifan sərdabəsi (XII əsr) – Şərifan kəndi
- Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi
- Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.
Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir. Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 (üç) hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilmişdir. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri quraşdırılmışdır. İsidilmə xərclərinin və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, quraşdırılıb. Suyun isidilməsi üçün isə yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41.000 m³ texniki su əldə ediləcəkdir. Ağıllı kənddə evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilmişdir. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılmışdır.
Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə ağıllı video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çox funksiyalı işıq dirəkləri quraşdırılmışdır. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilmiş və Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər üzrə innovativ həllər tətbiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərinin ilk sakinləri də tezliklə doğma yuvalarına qayıdacaqlar. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edəcək. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir. Yolun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb. Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
Zəngilan rayonunun turizm potensialı inkişaf etdirilir. 2024-cü il 18 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılmışdır. Hotel Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə 100 milyon dollar dəyərində sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdirilir. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
