24 Noyabr 2025

20 oktyabr tarixi Zəngilan Şəhəri Günüdür

Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə daşıyıb. Bir vaxtlar 29 oktyabr tarixi Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı. 27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Zəfər tarixinə düşən hər gün Azərbaycan xalqının yaddaşında əbədiləşib və bu günlər unudulmazdır. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Zəngilan işğaldan azad edildikdən sonra Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edildi. Dövlət sərhədi nəzarətə götürülməklə Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı.

Rayonun işğaldan azad edilməsi Qarabağ düyününün açılmasında həlledici amil oldu. Bartaz, Sığırt, Şükürataz və daha beş yüksəkliyin azad olunması çox böyük strateji üstünlük idi. İşğal dövründə Zəngilan rayonunun əsrarəngiz təbiətinə vurlan ziyanın aradan qaldırılması, xüsusilə də buradakı Bəsitçay qoruğunun bərpası dövlət başçısının diqqət mərkəzində saxladığı məsələdir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində Bəsitçay qoruğunda çinar ağacları əkmələri və Bəsitçaya balıq buraxmaları bu istiqamətdə atılan ilk addım oldu. Əlamətdar haldır ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa məhz Zəngilan rayonunda start verilib.

Rayonun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “Ağıllı kənd”ə artıq bir neçə mərhələdə sakinlərin köçürülməsi təmin olunub. Burada 27 il ərzində ağır məcburi köçkünlük taleyi yaşayan sakinlər üçün hər cür rahatlıqlar təmin edilib. 44 günlük müharibə başa çatandan sonra işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunun da yeni növrağı başlayıb-bərpa və quruculuq dövrü. Zəngilan rayonunda da bərpa layihəri bir neçə istiqamətdə aparılır. Əsas iqtiqamətlərdən biri zəruri infrastruktur yaradılmasını əhatə edir.

Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir neçə dəfə Zəngilana səfərə gələrək burada ayrı-ayrı layihələrin icrasına başlanılması mərasimlərinə qatılıblar. Rayonun ərazisində infrastruktur obyektlərinin tikintisi ilə yanaşı, tarixi abidələrin bərpasını əhatə edən layihələrin də icrasına start verilib. Ermənilərin törətdikləri vandalizm əməllərini kəskin qınayan Prezident İlham Əliyev bildirib ki, burada dağıdılmış bütün abidələr bərpa olunacaq.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilan rayonunun azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı