Xankəndidə “Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir keçirilib- FOTO
Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində 17 oktyabr – “Füzuli Şəhəri Günü” və 18 oktyabr – “Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü” münasibətilə geniş tədbir keçirilib.
Tədbirdə Xankəndi şəhəri və Xocalı rayonu üzrə sektor müdiri Rizvan Ələsgərov, məktəbin direktor əvəzi Tərlanxanım Allahverdiyeva, müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Müstəqilliyimiz əbədi və əzəli olsun” mövzusunda çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyətindən, bu yolda xalqımızın keçdiyi tarixi mərhələlərdən bəhs edib.
44 günlük Vətən müharibəsində yoldaşı qəhrəmancasına şəhid olmuş məktəbin ingilis dili müəllimi Könül Namazlı çıxışında qeyd edib ki, bu gün qazandığımız azadlıq və qürur dolu günləri şəhidlərimizin canı, qanı bahasına əldə etmişik. O, şəhidlərin ruhuna dərin ehtiramını ifadə edərək, Müzəffər Ali Baş Komandanımıza və qəhrəman Ordumuza minnətdarlığını bildirib.
Tədbirin bədii hissəsində şagirdlər “Müstəqilliyimiz əbədi və əzəli olsun” adlı kompozisiya təqdim ediblər. Vətənə məhəbbət, müstəqillik və qəhrəmanlıq ruhunda hazırlanan çıxış tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.






