17 oktyabr – Füzuli şəhəri günüdür
Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan düzənlik və alçaq sahələri əhatə edir. Onun ərazisindən axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinə qovuşur. 1386 km²-lik rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə habelə Araz çayı boyunca İranla həmsərhəddir. Coğrafi mövqeyinə görə Füzuli tarixən Qarabağa giriş qapısı hesab olunub. Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Füzuli şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. Füzuli şəhəri və rayonun böyük bir hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılmış hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri rayonun 22 yaşayış məntəqəsini işğaldan azad etdi.
Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Uğurlu Füzuli əməliyyatı ilə, həmçinin Cəbrayıl və Xocavənd rayonunun da bir sıra yaşayış məntəqələri Ordumuz tərəfindən azad edildi. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir. Bir vaxtlar bu tarix Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun işğal günü kimi qeyd olunurdu. Artıq həmin günlər geridə qaldı.
27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 30 il ərzində düşmənin qurduğu istehkamlar Ordumuzun iradəsi qarşısında məhv edildi. Hərbi mütəxəssislərin aylarla çəkəcəyini düşündüyü əməliyyat, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə qısa müddətdə uğurla başa çatdı. Düşmən ordusu sonda silahını ataraq qaçdı. Bu qələbə ilə Füzuli azad edildi, Şuşaya yol açıldı və Qarabağın hərbi-siyasi taleyi birdəfəlik dəyişdi. Cənab Prezident İlham Əliyevin Füzuliyə səfərləri isə azad olunmuş torpaqlarda quruculuğun canlı salnaməsinə çevrilib. 16 noyabr 2020 – Azərbaycan bayrağının Füzulidə ucaldılması, Zəfər yolunun təməlqoyması, 14 yanvar 2021 – Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməlinin qoyulması, 26 oktyabr 2021 – Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açılışı, 23 avqust 2023 – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə məktəb açılışı, 12 mart 2024 – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Füzuli şəhərinin baş planı ilə tanışlıq, 17 may 2024 – Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə səfər dostluğun və qardaşlığın nümunəsidir. Bu səfərlər bir daha göstərir ki, Füzuli Azərbaycanın yeni inkişaf mərkəzinə çevrilir.
Bu gün Füzuli təkcə bir rayon deyil, həm də dirçəlişin, zəfərin, milli birlik və qürurun rəmzidir. Onun hər küçəsi, hər binası, hər məktəbi Azərbaycan xalqının möhtəşəm iradəsinin, əyilməz ruhunun canlı təcəssümüdür. 17 oktyabr – Füzuli şəhəri günü tariximizin ən şərəfli səhifələrindən birini xalqımıza hər zaman xatırladacaq. Azərbaycan qalib gəldi, torpaqlarına sahib çıxdı və indi gələcəyini də özü qurur.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
