Əməkdaşlığın və qarşılıqlı hörmətin yeni mərhələsi
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası postsovet məkanında yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyırdı. Toplantıda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız milli maraqlarını müdafiə edən ölkə deyil, həm də regionda sabitlik, əməkdaşlıq və inteqrasiya proseslərinin aparıcı qüvvəsidir. Prezident İlham Əliyevin Düşənbədəki çıxışında irəli sürdüyü tezislər Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu fəlsəfə pragmatizm, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.
Dövlət başçısı vurğuladı ki, Azərbaycan MDB çərçivəsində iqtisadi əlaqələrin inkişafına, ticarət və nəqliyyat infrastrukturunun modernləşməsinə və humanitar sahədə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verir. Çıxışında: “MDB məkanı bizim üçün həm tarixi, həm də strateji baxımdan əhəmiyyətlidir. Bu birliyin güclənməsi, üzv dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlığın artması regionun ümumi sabitliyinə xidmət edir” – qeyd edən İlham Əliyev MDB-nin yalnız siyasi və iqtisadi platforma olmadığını, həm də təhlükəsizlik məsələlərində qarşılıqlı fəaliyyət üçün etibarlı mexanizm kimi çıxış etdiyini, həmçinin MDB məkanında yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması, ticarətin asanlaşdırılması və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi məsələlərinə toxunaraq, bu istiqamətlərin qarşılıqlı inteqrasiyanın əsasını təşkil etdiyini vurğuladı. Mədəniyyət, təhsil və idman sahələrində birgə layihələr MDB məkanında xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Bu baxımdan idman diplomatiyası və xüsusilə MDB Oyunları kimi tədbirləri gənclərin birliyini gücləndirən, ortaq dəyərləri təşviq edən mühüm vasitə kimi dəyərləndirən Prezident İlham Əliyev MDB Oyunlarının iştirakçı ölkələrin gənclərini birləşdirən, xalqlar arasında dostluq körpüsü yaradan mühüm təşəbbüs olduğunu və Azərbaycanın bu yarışlara ev sahibliyi etməklə həm idman, həm də mədəni əməkdaşlıq istiqamətində yeni səhifə açacağını söylədi.
Laçının timsalında Azərbaycan postmüharibə dövründə sülh və inkişaf konsepsiyasını praktiki şəkildə reallaşdırır. Bu, həm də region xalqlarına mesajdır. Münaqişələrin arxasınca gələn mərhələ sülh, əməkdaşlıq və bərpa dövrüdür.Azərbaycanın bu il ev sahibliyi etdiyi III MDB Oyunları ölkənin “yumşaq güc” siyasətinin parlaq nümunəsi kimi çıxış etdi. Cənab İlham Əliyev ilk növbədə Tacikistan ilə Azərbaycan arasında münasibətlərin ardıcıl inkişaf etdiyini vurğulamaqla regional diplomatik əlaqələrin və MDB daxilində münasibətlərin yalnız dostluq, səmimiyyət, faydalı əməkdaşlıq və qarşılıqlı dəstək əsasında qurulmasının mümkünlüyünə işarə etmişdir. Sammitdə Şərqi Zəngəzurun incisi Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi təqdim edilməsi vaxtilə 30 il ərzində erməni işğalı altında qalmış tarixi-mədəni irsin və simvolik əhəmiyyətə malik ərazilərin beynəlxalq platformalarda tanıdılması, həmçinin bu məsələlərin MDB kontekstində gündəmə gətirilməsi Azərbaycanın mədəniyyət diplomatiyasının uğuru kimi dəyərləndiriulməlidir.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
