26 Noyabr 2025

Bu gün Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır

Oktyabrın 6–7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü türk coğrafiyasının gələcək onilliklərdəki geosiyasi trayektoriyasını müəyyənləşdirəcək hadisələrdən biri olacaq. Bu Zirvə Görüşü sadəcə diplomatik protokol və bəyanatlar toplantısı deyil, Türk dünyasının öz daxilində inteqrasiya səviyyəsini yoxlayan ciddi siyasi imtahandır.

Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi onun siyasi mahiyyətinin dəyişdiyini göstərir. Bu dəyişikliklər regionda baş verən hadisələr fonunda təbii və zəruridir. Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Orta Asiya dövlətlərinin təhlükəsizlik çağırışları, qlobal güclərin rəqabəti türk ölkələrini daha sıx koordinasiyaya sövq edir.

Azərbaycan üçün bu Zirvə Görüşünün Qəbələdə keçirilməsi həm rəmzi, həm də strateji məna daşıyır. Qəbələ Azərbaycanın tarixində qədim dövlətçilik mərkəzi olmaqla yanaşı, bu gün müstəqil Azərbaycanın diplomatik gücünün təzahürünə çevrilib. Azərbaycanın ev sahibliyi onun TDT məkanında lider ölkələrdən biri kimi nüfuzunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir.Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.

TDT-nin gündəliyində bu dəfə “sülh və təhlükəsizlik” mövzusunun önə çəkilməsi təsadüfi deyil. Regionun geosiyasi sabitliyi yalnız diplomatik bəyanatlarla təmin edilmir. Bu, həm də konkret layihələr, sərhəd təhlükəsizliyi mexanizmləri, informasiya mübadiləsi və strateji koordinasiya tələb edir. Türk dövlətləri artıq başa düşürlər ki, qlobal mühitdə ayrı-ayrılıqda qalmaq nə siyasi, nə iqtisadi, nə də təhlükəsizlik baxımından səmərə verir.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı