Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır
Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada uzun illər ərzində diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. İki ölkə arasında rəsmi münasibətlərin 1992-ci ildən başlanması və uzun müddət ərzində uğurla inkişaf etməsi tərəflərin bir-birinə verdiyi böyük dəyər və hörmətin nəticəsidir. Ölkələrimiz arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. Parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Dövlətlərimiz arasında neft və qeyri-neft sektorunda çox yaxşı münasibətlər qurulub. İkitərəfli münasibətlərin geniş hüquqi bazaya malik olması əlaqələrin sürətlə inkişaf etməsinə münbit şərait yaradır. İtaliya tarixə qovuşan Qarabağ məsələsində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Hətta İtaliya Senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul edib. Həmin qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, keçmiş Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapıb.
Artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. “Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda, siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev italiyalı həmkarı ilə mətbuata birgə bəyanatında da bu məqamlara xüsusi diqqət yönəltdi ki, aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanıb. İkinci sənəd – Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanıb. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilib. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.
Dövlət başçımızın çıxışında xüsusi yer ayırdığı İtaliya-Azərbaycan Universiteti humanitar sahədə əlaqələrin inkişafı məqsədilə atılmış strateji addımlardan biridir. Bu universitet təkcə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət etmir, həm də iki xalq arasında mədəni körpülərin qurulmasına təkan verir. Bu gün yüzlərlə gəncin burada təhsil alması, gələcəkdə isə bu gənclərin Azərbaycan ilə İtaliya arasında dostluğun daşıyıcıları kimi yetişməsi bizim üçün strateji dəyərə malikdir. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq məsələsində İtaliyanın Azərbaycana verdiyi dəstək də xüsusi qeyd olunmalıdır. Bu, İtaliyanın Cənubi Qafqazda sabitlik və tərəfdaşlığa verdiyi əhəmiyyətin göstəricisidir. Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq əməkdaşlıq üçün nümunə sayıla bilər.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı
