26 Noyabr 2025

Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattareallanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanat

Prezident İlham Əliyevin 30 sentyabr 2025-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın dərinliyini və gələcək inkişaf perspektivlərini əks etdirdi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan-İtaliya əlaqələri sadəcə dostluq münasibətləri deyil,əsl strateji tərəfdaşlıq səviyyəsindədir.

İtaliya Prezidentinin ölkəmizə ikinci dəfə səfər etməsi,dövlət başçıları arasında mütəmadi görüşlərin keçirilməsi siyasi münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərir. İlham Əliyev bildirdi ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır və hər il ticarət dövriyyəsi artır.Əməkdaşlıq xüsusilə enerji sahəsində böyük əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir ki, İtaliyaya neft ixrac edir, 2020-ci ildən isə TAP layihəsi vasitəsilə qaz da ixrac olunur. Prezident xatırlatdı ki, bu layihənin uğurla icra edilməsində Prezident Mattarellanın şəxsi dəstəyi mühüm rol oynayıb. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri ilə ixrac edilən qazın coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.

Azərbaycan nefti İtaliyanın neft balansında birinci, Azərbaycan qazı isə ikinci yerdə qərarlaşır. Enerji sahəsindəki əməkdaşlıqla yanaşı, yeni istiqamətlər də gündəlikdədir. Prezident İlham Əliyev Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı layihəsi üzərində iş getdiyini diqqətə çatdırdı. Layihə çərçivəsində Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya elektrik ötürülməsi nəzərdə tutulur. Bu təşəbbüs ölkələr arasında əməkdaşlığın coğrafiyasını daha da genişləndirəcək.

Səfər çərçivəsində humanitar əlaqələrə də xüsusi önəm verildi. Prezident İlham Əliyev qeyd etdi ki, sənaye və energetika sahəsində əməkdaşlıq humanitar sferaya da yol açıb.Bu sahədə ən mühüm layihə İtaliya-Azərbaycan Universitetidir. Oktyabrın 1-də Bakıda universitetin ilk tədris korpuslarının açılışı həyata keçirildi. Burada yüzlərlə tələbə müxtəlif ixtisaslarda təhsil alır, müasir laboratoriya və emalatxanalar fəaliyyət göstərir. Universitetin yaradılması elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına mühüm töhfədir və gələcəkdə iki ölkə gənclərinin qarşılıqlı ünsiyyət və əməkdaşlıq imkanlarını artıracaq. Bəyanatda həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı məsələsinə toxunuldu. İlham Əliyev vurğuladı ki, İtaliya bu münasibətlərin möhkəmlənməsinə hər zaman dəstək verib və hazırda da bu dəstək hiss olunur. Son dövrlərdə bu əlaqələrdə müsbətə doğru addımlar atılması Azərbaycan üçün əhəmiyyətli hadisə kimi qiymətləndirildi.

Prezident İlham Əliyev yekun olaraq bildirdi ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər həm rəsmi sənədlərdə,həm də praktik əməkdaşlıqda öz əksini tapır. Bir-birindən uzaqda yerləşən ölkələr arasında belə sıx tərəfdaşlığın qurulması nümunəvi xarakter daşıyır və gələcəkdə də uğurla inkişaf edəcək.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı