26 Noyabr 2025

Strateji tərəfdaşlığın yüksəlişi

Azərbaycan ilə İtaliya arasında münasibətlər müasir dövrdə strateji tərəfdaşlığın uğurlu nümunəsi kimi diqqət çəkir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də humanitar ölçüləri ilə fərqlənir. 2025-ci ilin sentyabr ayının 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri bu münasibətlərin dərinliyini və çoxşaxəliliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasındakı əməkdaşlığın yalnız rəsmi sənədlərdən ibarət olmadığını, eyni zamanda siyasi, iqtisadi, enerji, təhsil və humanitar sahələrdə konkret nəticələrə söykəndiyini göstərdi. İtaliya Prezidenti Sercio Mattarella artıq ikinci dəfədir ki, Azərbaycana rəsmi səfər edir. Birinci səfəri yeddi il əvvəl baş tutmuşdu və həmin dövrdən indiyədək münasibətlərin sürətlə inkişaf etdiyi aydın görünür. Bu dəfəki səfər bir daha sübut etdi ki, Azərbaycan və İtaliya sadəcə tərəfdaş deyil, əsl strateji müttəfiqlərdir.

Azərbaycan və İtaliya son onilliklər ərzində bir-birinə uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasət, iqtisadiyyat, energetika, sənaye, mədəniyyət və təhsil sahələrində nümunəvi əməkdaşlıq modeli qurmağa nail olub. Prezident İlham Əliyevin bəyanatındakı mesajlar bu əməkdaşlığın miqyasını və strateji əhəmiyyətini daha da dərinləşdirərək göstərir ki, Azərbaycan və İtaliya münasibətləri sadəcə ikitərəfli əlaqələrin çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal və regional səviyyədə mühüm siyasi və iqtisadi məna kəsb edir. Azərbaycan və İtaliyanın iqtisadi əlaqələri bu gün ən yüksək zirvəsinə çatmışdır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hər il bu göstərici artmaqda davam edir. Enerji sahəsində əməkdaşlıq isə strateji tərəfdaşlığın təməl sütunlarından biridir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Bu fakt təkcə statistik göstərici deyil, həm də iki ölkə arasında qarşılıqlı etimadın, davamlı və dayanıqlı əməkdaşlığın göstəricisidir. Energetika layihələri, xüsusilə də Cənub Qaz Dəhlizi və onun mühüm seqmenti olan TAP layihəsi Azərbaycan və İtaliya əməkdaşlığının ən parlaq nümunəsidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, TAP layihəsinin həyata keçirilməsində Prezident Mattarellanın şəxsi dəstəyi həlledici rol oynamışdır. Çünki o dövrdə layihənin icrasında bir sıra çətinliklər mövcud idi və İtaliya Prezidenti məsələyə birbaşa müdaxilə edərək onların aradan qaldırılmasına nail olmuşdu. Bu gün isə TAP vasitəsilə Azərbaycan qazı İtaliyaya ixrac olunur və ümumilikdə 14 ölkə Azərbaycan qazı ilə təmin edilir. Əgər bir vaxtlar Azərbaycanın enerji siyasəti əsasən neft və qaz üzərində qurulmuşdusa, bu gün alternativ enerji, yaşıl enerji və elektrik ötürmə sahəsində də geniş miqyaslı təşəbbüslər həyata keçirilir. Bu isə həm Azərbaycanın, həm də İtaliyanın maraqlarına cavab verir, çünki hər iki ölkə dayanıqlı inkişaf və enerji keçidi məsələlərinə böyük önəm verir. Azərbaycan-İtaliya münasibətlərinin daha bir mühüm tərəfi sənaye əməkdaşlığıdır. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Sercio Mattarellanın əvvəlki səfəri zamanı tərəflər birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa olunmuş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etmişdilər. Bu fakt göstərir ki, əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır, sənaye sahəsində də yeni imkanlar yaranır.

Hazırkı səfər daha da əlamətdar hadisə ilə müşayiət olunur – İtaliya-Azərbaycan Universitetinin açılışı. Bu universitet artıq yüzlərlə tələbəni birləşdirir və gələcəkdə də hər iki xalqın gəncləri üçün elm, bilik və mədəniyyət mərkəzinə çevriləcək. Universitetin yaradılması həm də humanitar əlaqələrin genişlənməsi, iki ölkə arasında mədəni və təhsil sahəsində körpülərin qurulması deməkdir. Burada təhsil alan tələbələr yalnız yüksək biliklər qazanmayacaq, eyni zamanda, xalqlarımız arasında dostluğun, anlaşmanın, qarşılıqlı hörmətin daşıyıcıları kimi çıxış edəcəklər. Nəticə etibarilə, Prezident İlham Əliyev və Prezident Sercio Mattarellanın birgə bəyanatları iki ölkə arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini dəqiq müəyyənləşdirdi. Bu əməkdaşlıq Azərbaycan və İtaliya xalqları üçün yeni imkanlar açmaqla yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və qlobal diplomatiya baxımından mühüm əhəmiyyət kəsb edir. İtaliya-Azərbaycan münasibətləri bugünkü reallıqda yalnız ikitərəfli əlaqələrin deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın mühüm dayağıdır.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı