Xocalının igid oğlu, Azərbaycanın qəhrəman şəhidi- Ceyhun Mustafazadə

.
O, Vətənə sevgisini sözlə deyil, canı ilə sübut edən gənclərimizdən biri idi. Həyatının hər anı, hər addımı torpaq sevgisi, vətənə sədaqət və qəhrəmanlıqla dolu idi. 1997-ci ilin yanvarında Xocalıdan didərgin düşmüş bir ailənin övladı kimi dünyaya gəldi amma içindəki Xocalı həsrəti onu daim mübariz və döyüşkən etdi.
Ceyhun hələ gənc yaşlarından hərbi formaya, döyüş ruhuna, ədalətə inanırdı. Xidmət etdiyi hər yerdə Vətənini uca tutdu, Günnüt əməliyyatında göstərdiyi igidliklə adını qəhrəmanlar sırasına yazdırdı. O, sadəcə bir əsgər deyildi o, Xocalının intiqamını almaq, torpaqlarımızı azad görmək istəyən bir igid idi.
44 günlük Vətən müharibəsində ön cəbhədə, ən qaynar nöqtələrdə döyüşdü. Füzulidən Suqovuşana, Ağdərədən Talışa qədər hər addımında Vətən sevgisini yaşatdı. 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə canını qurban verdi, amma qürurumuzu, zəfərimizi əbədi etdi.
Bu gün Ceyhun Mustafazadənin adı təkcə ailəsinin deyil, bütün Azərbaycanın qürurudur. Onun gülüşü fotolardan boylanır, adı küçələrdə yaşayır, ruhu isə azad Qarabağ səmasında dalğalanan bayrağımızla birgə ucalır.
O, şəhid oldu ki, biz azad nəfəs alaq.
O, şəhid oldu ki, Xocalı bir daha ağlamasın.
Ceyhun Mustafazadə adı kimi ceyhun ürəkli, ruhu kimi şəffaf bir qəhrəman. Ruhu şad olsun.

