Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda nüfuzu artır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin aydın ifadəsi olmuşdur. Bu çıxış həm tarixi faktların elmi əsaslandırılması, həm də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Prezident çıxışında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi işğal siyasətinə diqqət çəkərək qeyd etmişdir ki, bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında qalmış, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu fakt beynəlxalq hüququn prinsiplərinin pozulması və BMT qətnamələrinin icra olunmamasının nümunəsi kimi göstərilmişdir.
Eyni zamanda vurğulanmışdır ki, 2020-ci ildə keçirilən Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüququn verdiyi legitim hüquqlardan istifadə edərək ərazi bütövlüyünü bərpa etməsinə gətirib çıxarmışdır. Bu hadisə yalnız milli maraqların təmin olunması deyil, həm də beynəlxalq hüququn aliliyinin real təcəssümü kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyev postmüharibə dövründə sülh quruculuğu məsələsini də əsas istiqamətlərdən biri kimi önə çəkmişdir. Ermənistanla sülh müqaviləsinin paraflanması regionda yeni siyasi reallıqlar yaratmış, əməkdaşlıq və inteqrasiya imkanlarını genişləndirmişdir.
Çıxışda iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ekoloji çağırışlar da ayrıca vurğulanmışdır. Azərbaycanın iqtisadiyyatında dayanıqlılıq, yoxsulluğun azaldılması, xarici borcun minimal səviyyədə olması dövlətin düzgün inkişaf strategiyasını təsdiqləyir. Bununla yanaşı, ölkənin bərpaolunan enerji sahəsində atdığı addımlar və COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim gündəliyində mühüm aktor kimi çıxış etməsini göstərir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı