01 Oktyabr 2025

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı tarixi çıxışı

Prezidenti İlham Əliyev 2025-ci il sentyabrın 25-də Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkdi. Bu çıxış yalnız Azərbaycanın son illərdə qazandığı uğurların təqdimatı deyildi, həm də beynəlxalq hüququn üstünlüyü, ədalətin bərpası, regional əməkdaşlıq və qlobal çağırışlara dair prinsipial mövqelərin bəyanı idi. Dövlət başçısı çıxışında bir tərəfdən Ermənistanın işğalçı siyasətini ifşa etdi, digər tərəfdən isə Azərbaycanın sülh, əməkdaşlıq və inkişaf gündəliyini ortaya qoydu.

Prezidentin sözləri ilə desək: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu.” Bu bəyanat Azərbaycanın yalnız regional deyil, həm də qlobal miqyasda ədalət və hüququn qələbəsinin simvoluna çevrildiyini nümayiş etdirir.

Azərbaycan otuz ilə yaxın Ermənistanın hərbi işğalı ilə üzləşdi. İşğal nəticəsində ərazilərimizin 20 faizi zəbt olundu, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi. Prezident İlham Əliyev bunu belə ifadə etdi: “Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı.”

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qoşunların dərhal çıxarılmasını tələb etsə də, onlar icra edilmədi. Ermənistan cəzasızlıq mühiti içində beynəlxalq hüququ ayaq altına aldı. Bu çıxış, əslində, beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətinə də ciddi bir tənqid idi. İlham Əliyev xüsusi vurğuladı ki, Minsk qrupu illərlə münaqişəni dondurmaqla məşğul olub, problemin həllinə real töhfə verməyib.

Uzun illər davam edən diplomatik səylər nəticə vermədiyindən, Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdi. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlar işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı