Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır

Azərbaycan xalqının tarixi mübarizələrlə, qəhrəmanlıqla və milli kimliyini qorumaq əzmi ilə zəngindir. Bu torpaq qədimdən bəri yadellilərin hücumlarına, işğal cəhdlərinə məruz qalsa da, xalqımız öz iradəsini, milli kimliyini və azadlıq istəyini heç vaxt itirməmişdir. Tarixin bütün dövrlərində Azərbaycan xalqı ədalətsizlik qarşısında boyun əyməmiş, işğalla barışmamış, azadlıq uğrunda mübarizəsini davam etdirmişdir.
XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğal olundu. Minlərlə soydaşımız doğma yurd-yuvasından didərgin düşdü, şəhərlərimiz, kəndlərimiz dağıdıldı, tarixi və mədəni abidələrimiz məhv edildi. Lakin bütün bu ağrı-acılara baxmayaraq, Azərbaycan xalqı işğalı heç zaman qəbul etmədi. Məcburi köçkünlər öz yurdlarına qayıdacaqları günə inanaraq yaşadılar, xalqımız isə milli birliyini qoruyaraq haqq səsinin dünyaya çatdırılması üçün mübarizə apardı.
Bu inadlı mövqenin ən böyük sübutu 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi qələbə oldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoydu, tarixi ədaləti bərpa etdi. Bu qələbə göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmır və öz torpaqlarını azad etmək iradəsindən dönmür.
Bu gün də Azərbaycan xalqı qürurla yaşayır, şəhidlərin müqəddəs qanı bahasına qazanılmış qələbəni qoruyur. İşğalla barışmamaq, haqqı uğrunda mübarizə aparmaq xalqımızın milli xarakterinin ayrılmaz hissəsidir. Bu əzm və iradə gələcək nəsillərə də örnək olacaq, dövlətimizin möhkəm dayağı kimi daim yaşayacaqdır.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı