19 Sentyabr 2025

Antiterror əməliyyatı regionda yeni geosiyasi reallıqlar yaratdı

Tarixi Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. 2023-cü ilin noyabrında Xankəndi şəhərində keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tariximizə yazıldı. Antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatını qaçılmaz etdi”.

Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi. Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Azərbaycan Silahlı Qüvvələri özünün ən qüdrətli mərhələsini yaşayır.

Antiterror tədbirləri Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edir. Bu əməliyyatla həm də şanlı ordumuzun peşəkarlığı, qəhrəmanlığı və xalqın dövlətə bağlılığı bir daha nümayiş olunmuşdur. Postmüharibə dövründə azad edilmiş ərazilərimizdə reallaşdırılan bərpa və quruculuq işləri regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması üçün mühüm təməl rolunu oynayır.

Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının əməkdaşı