Azərbaycanın humanizm nümunəsi

İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli Bəyanata əsasən, bu qüvvələr üç il əvvəl tərksilah edilməli idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin danışıqlar yolu ilə həllinə nail olmaq üçün biz üç il ərzində bütün səylərimizi göstərdik. Təəssüf ki, humanist çağırışlarımız əvəzində Ermənistan silahlı qüvvələri öz sayını artırmaqla, yeni silahlar əldə etməklə və təxribatlar törətməklə məşğul idilər. Qarabağdakı separatçı ünsürlər müstəqillik iddialarından əl çəkmir, qondarma “parlament” adından Azərbaycan dövlətinə qarşı bəyanatlar verirdilər.
Biz dəfələrlə xəbərdarlıq etmişdik. Müharibədən dərhal sonra haqlı narahatlığımızı ifadə edərək Ermənistan rəhbərliyinə, onların havadarlarına və digər tərəflərə dəfələrlə müraciət etmişdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Lakin Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.
2021-ci ildən etibarən sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı, lakin danışıqlar böhranlarla və silahlı toqquşmalarla müşayiət olundu. 2022-ci ilin sentyabrında müharibədən sonrakı ən qanlı sərhəd döyüşləri baş verdi. 2023-cü ildə Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində Şuşa istiqamətində atəşlər açıldı, mövqelərimizə hücumlar edildi. Üç il ərzində Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, silahlı qüvvələrini və hərbi texnikasını bizim ərazilərdən çıxarmadı. Əksinə, yüzlərlə tank, zirehli texnika, artilleriya qurğuları, hava hücum vasitələri, radioelektron mübarizə texnikaları yerləşdirdi. Ermənistan minalardan da məqsədyönlü şəkildə istifadə etdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın müxtəlif ərazilərinə qanunsuz minalar gətirilərək basdırıldı. Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər bu proses davam etdirildi.
Qarabağda separatçıların qeyri-qanuni fəaliyyətinə qarşı bizim vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Şuşa-Laçın yolunda etiraz aksiyası keçirdilər. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntılar qanunsuz istismar olunaraq Ermənistana daşınırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman sülh çağırışları etdi. Lakin Ermənistan bu çağırışlara cavab vermədi. Əksinə, 2023-cü ilin 19 sentyabrında Qarabağda erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara əl atdı. Əhmədbəyli-Füzuli-Şuşa yolunda partladılan minalar nəticəsində mülki şəxslərimiz və hərbçilərimiz şəhid oldu. Ordumuzun mövqeləri atəşə tutuldu, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları yaralandı. Bütün bu təxribatların qarşısını almaq, dövlətimizin konstitusiya quruluşunu bərpa etmək məqsədilə Azərbaycan Ordusu lokal xarakterli antiterror əməliyyatına başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçı rejim məğlub oldu, ağ bayraq qaldırdı, tam şəkildə tərksilah edildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Antiterror əməliyyatı zamanı Ordumuz böyük qəhrəmanlıq və peşəkarlıq göstərdi. Qısa müddətdə 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi, düşmənin çoxsaylı texnikası və silahı məhv edildi və ələ keçirildi. Ən əsası isə əməliyyatlar zamanı mülki əhalinin qorunması bizim üçün əsas prioritet oldu. Biz humanizm prinsiplərinə sadiq qalaraq, Qarabağda yaşayan erməni sakinlərinin təhlükəsizliyini təmin etdik. Nəticədə, 28 sentyabrda separatçı rejimin qondarma rəhbəri Samvel Şahramanyan ləğv sənədinə imza atdı. Qarabağda qeyri-qanuni xunta rejimi birdəfəlik tarixə qovuşdu, separatçı rəhbərlərin çoxu həbs edildi. Beləliklə, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu, tarixi Zəfərdir üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə ucaldıldı. Azərbaycan xalqı böyük Qələbəyə imza atdı.
Jalə Mehdiyeva
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı