28 Avqust 2025

Biz mədəniyyətlərarası dialoq sahəsində də bir çox işlər görürük

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müsahibədə Ermənistan–Azərbaycan münasibətləri, regionda yaranmış yeni reallıqlar və gələcək əməkdaşlıq imkanları barədə əhatəli fikirlərini bölüşmüşdür. Dövlət başçısının bəyanatları həm tarixi Qələbəmizin nəticələrinin dünyaya çatdırılması, həm də regionda davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin beynəlxalq hüququn və tarixi ədalətin bərpası olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində işğal altındakı torpaqlar azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bununla yanaşı, dövlət başçısı Ermənistan–Azərbaycan münaqişəsinin Vaşinqtonda əldə olunan razılaşma ilə artıq tarixə qovuşduğunu, hər iki dövlətin ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq hüquqa əsaslanan sülhün təmin olunmasının əsas prioritetə çevrildiyini diqqətə çatdırmışdır.

Müsahibədə Prezident məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” Proqramının icrası və mina təhlükəsinin aradan qaldırılması məsələlərinə də toxunmuşdur. O, qeyd etmişdir ki, hazırda bölgədə geniş infrastruktur layihələri həyata keçirilir və bu proses həm iqtisadi, həm də sosial baxımdan ölkəmizin gələcək inkişafına mühüm töhfə verir.

Dövlət başçısı xüsusilə Zəngəzur dəhlizinin strateji əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, bu layihə yalnız Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməyəcək, eyni zamanda beynəlxalq nəqliyyat xəritəsində yeni imkanlar yaradaraq Şərq–Qərb və Şimal–Cənub dəhlizlərini birləşdirəcək. Prezident əlavə etmişdir ki, dəhliz heç bir dövlət üçün təhlükə yaratmır, əksinə, region ölkələri arasında əməkdaşlığın və etimadın möhkəmlənməsinə xidmət edəcək.

Müsahibə zamanı Azərbaycan Prezidentinin diqqət çəkdiyi məqamlardan biri də son dövrdə baş vermiş mülki təyyarənin vurulması məsələsi olmuşdur. Prezident İlham Əliyev bildirmişdir ki, bu hadisə Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurmuşdur. Lakin ölkəmiz münasibətlərin gərginləşməsində maraqlı deyil, yalnız dövlətimizin təhlükəsizliyini və suverenliyini təmin etməkdə qətiyyətlidir.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı