28 Avqust 2025

Dünya birliyi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir

Faqət ŞadlinskayaYAP Bərdə rayon təşkilatının sədri30 illik işğal dövrünün reallıqları cənab İlham Əliyevin bütün çıxışlarında əsaslı şəkildə təhlil edilir, beynəlxalq ictimaiyyətə çatdırılır. Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlara səfərlərinin hər biri məhz bu reallıqların təqdimatıdır. Bu baxımdan ki, 30 illik işğal dövründə bütün ərazilərimiz tamamilə dağıdılıb, yerlə-yeksan edilib. Azərbaycan dövləti bu gün həmin torpaqlarda apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ilə nə qədər qurucu, yaradıcı xalq olduğumuzu, torpaqlarımızın tarixi sahibinə qayıtdıqdan sonra həyatının yeni mərhələsini yaraşadığını təsdiqləyir.Dövlət başçısı İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə vurğuladı ki, Kəlbəcər şəhərində, rayonun heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir: “Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq”.Cənab İlham Əliyev bu çağırışı da etdi ki, əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim “dəmir yumruğ”umuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında görüşümüz çox böyük rəmzi məna daşıyır. Ermənilər buranı dağıdıblar, biz isə qurub-yaratmışıq.Azərbaycan 30 il münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqama da diqqəti yönəltdi. Vurğuladı ki, Azərbaycan dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və Ermənistanı cəmi 44 gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən, fərari olmamışdır. Bu, onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə 12 min fərari olmuşdur. Vətən müharibəsi başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi. Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə atılmadan azad edildi.Dünya birliyi Qələbəmizi və yeni reallıqları tam qəbul etdi. Bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu, bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bugünkü reallıqlar da göstərir.Azərbaycan güclü ölkədir. Son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. “İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir”, söyləyən cənab İlham Əliyev bildirdi ki, tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Sülhün təminatçısı da Azərbaycandır.Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda regionda, dünyada mövqeyi, söz sahibliyi günbəgün möhkəmlənir.