23 İyul 2025

Şuşadan verilən mesajlar dünya gündəmini müəyyənləşdirir

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı bir daha sübut etdi ki, Azərbaycan öz yolunda inamla irəliləyir, haqq səsini dünyaya çatdırmaqda qətiyyətlidir. Cənab Prezidentin Şuşadan dünyaya verdiyi mesajlar həm böyük mənəvi dəyərə, həm də strateji əhəmiyyətə malikdir.

Onun çıxışında diqqətimi çəkən ən önəmli məqam, ölkəmizin müstəqilliyini, ərazi bütövlüyünü qorumaq üçün göstərdiyi əzmkarlığın və bu yolda əldə olunan nailiyyətlərin xüsusi vurğulanması oldu. Prezident, Şuşanın azad edilməsinin təkcə hərbi zəfər yox, həm də tarixi ədalətin bərpası olduğunu söylədi ki, bu da bizə böyük qürur yaşadır.

Eyni zamanda, media nümayəndələrinə müraciətində, dezinformasiyaya qarşı mübarizə və düzgün informasiya çatdırmağın önəmini qeyd etməsi çox yerinə düşən bir çağırış idi. Çünki bu gün informasiya müharibəsi ən az silahlı mübarizə qədər önəmlidir və biz bu savaşda da güclü olmaq məcburiyyətindəyik.

Mən Şuşadan gələn bu mesajları, xüsusilə birlik və həmrəylik ruhunu çox dəyərli hesab edirəm. Çünki xalq olaraq, dövlətimizin yanında, onun siyasətini dəstəkləyərək bir yumruq kimi birləşdikdə, qarşıda heç bir maneə dayanmaz.

Bu forum, Azərbaycanın artan nüfuzunun, beynəlxalq arenada söz sahibinə çevrilməsinin növbəti sübutu oldu. Cənab Prezidentə bu qətiyyətli mövqeyi və milli maraqlarımızı qoruduğu üçün təşəkkür edirəm və əminəm ki, Azərbaycanın haqq səsi daim ucalacaq.

Leyla Bayramova
YAP Ağstafa rayon təşkilatının fəalı