Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisi əhəmiyyətli dərəcədə artdı. Bu qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, həm də beynəlxalq hüququn tətbiqinə dair praktik presedent yaratdı. Azərbaycanın siyasi iradəsi artıq təkcə regionda deyil, qlobal miqyasda da qəbul olunan fakta çevrildi.
Şuşa Qlobal Media Forumu bu iradənin və beynəlxalq nüfuzun təcəssümüdür. Foruma ev sahibliyi edən Xankəndi – Azərbaycanın suverenliyi, mədəniyyəti və geosiyasi nüfuzunun simvoludur. Artıq ənənə halını alan bu platforma təkcə media müzakirələri ilə məhdudlaşmır, həm də Azərbaycanın artan beynəlxalq təsir gücünün real təzahürlərindən birinə çevrildi. Forumda müzakirə olunan mövzular – informasiya təhlükəsizliyi, süni intellekt dövründə medianın dayanıqlılığı və rəqəmsal suverenlik – qlobal çağırışlarla səsləşir. Bu isə Azərbaycanın informasiya sistemində “istehlakçı” mövqeyindən çıxaraq, “formalaşdırıcı aktor” statusu qazandığını göstərir.
Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın diplomatik fəlsəfəsini və xarici siyasət istiqamətlərini aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı daxili sabitlik, çevik təhlükəsizlik yanaşması və strateji planlama əsasında formalaşan bir inkişaf modelindən bəhs etdi. Onun fikrincə, Azərbaycanın coğrafi mövqeyi risklərin erkən mərhələdə proqnozlaşdırılması və neytrallaşdırılmasında mühüm amildir.
Forum çərçivəsində Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji rolu da ön plana çəkildi. Cənub Qaz Dəhlizi və Zəngəzur dəhlizi kimi təşəbbüslər Azərbaycanın regional enerji və logistik təchizat mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihələr həm Avropa enerji təhlükəsizliyinə töhfə verir, həm də Cənubi Qafqazda iqtisadi inteqrasiyanı stimullaşdırır. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qeyd etdi ki, Ermənistanın qeyri-konstruktiv yanaşması onu proseslərdən təcrid edə bilər. Bu isə regionda güc balansının getdikcə Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.
Azərbaycanın iqtisadi göstəriciləri də Forumda diqqətə çatdırıldı. Xarici borcun ÜDM-dəki payının cəmi 6,9% olması, yoxsulluğun aşağı səviyyəsi və Qarabağda həyata keçirilən iri infrastruktur layihələri ölkənin strateji və davamlı inkişaf modelinin göstəriciləridir. Bu sabitlik Azərbaycanın beynəlxalq maliyyə institutları və təşkilatlarla əlaqələrini gücləndirir, ona diplomatik manevr imkanları verir.
Prezident İlham Əliyev çıxışında regional sabitlik üçün sülh müqaviləsinin vacibliyini vurğuladı. Onun fikrincə, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi keçmişin ritorikasından imtina edib yeni reallıqları qəbul etməyin vacib addımlarıdır. Bu isə hüquqi yanaşmadan daha çox psixoloji və simvolik əhəmiyyət daşıyır.
Azərbaycanın mesajı aydındır: regionda davamlı sabitlik yalnız real siyasi və hüquqi dəyişikliklər nəticəsində mümkündür. Bu dəyişiklikləri həyata keçirməyə hazır olan tərəf isə əməkdaşlıq üçün yeni fürsətlər qazanır.
Bir sözlə, III Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan bir çox beynəlxalq səviyyəli problemlərin müzakirəsi və həllində ciddi rol oynayır. Ərazi bütövlüyümüzü Ali Baş Komandan kimi təmin edən İlham Əliyev Prezident kimi də ölkəmizi qlobal arenada lider mövqeyinə yüksəldib.
III Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal məsələlərin müzakirəsində və həllində fəal iştirakçıdır.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı