22 İyul – Milli Mətbuat Günü

Məlum olduğu kimi, bu il Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. O dövrdə Azərbaycanda mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu günü qeyd edərkən, bütün jurnalistlərimizin fədakarlığını yüksək qiymətləndirir, milli mətbuatımızın daha da inkişaf etməsini arzulayırıq!
Sonda “22 İyul Milli Mətbuat Günü münasibətilə işini şərəf və ləyaqətlə görən bütün jurnalistlərimizi və media işçilərini ürəkdən təbrik edirəm! Sizin fədakarlığınız milli şüurumuzun formalaşmasında və demokratiyamızın inkişafında böyük rol oynayır. Yeni nəsil media peşəkarları üçün uğurlar arzulayıram.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı