Ağstafada 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

23 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatında 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının sədri Turan Hüseynov qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi hərb sahəsində vəziyyəti kökündən dəyişdirdi. Ümummilli liderin rəhbərliyi altında respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər nəticəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafı təmin edildi. Qeyri qanuni silahlı dəstələr ləğv edildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir.
Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının əməkdaşı Aytən Məmmədli, “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatının fəal üzvləri Hikmət İsmayılov, Elşad Cəfərov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Əfqan Qasımov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən və 44 günlük Vətən müharibəsində ağstafalıların ön cəbhədə və arxa cəbhədə göstərdikləri şücaətlərdən danışıblar, gənclərin vətənpərvər böyümələrindən bəhs ediblər.




